Prezident İlham Əliyev qanunlar və fərmanda dəyişiklik etdi

Prezident İlham Əliyev "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda dəyişiklik edilməsi barədə" Qanunun tətbiqi və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun tətbiqi və "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə"nin təsdiqi barədə" Fərmanda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, sənədə əsasən, müəyyən edilib ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 45.5-ci maddəsinin üçüncü cümləsində ikinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

həmin Qanunun 45.5-ci maddəsinin üçüncü cümləsində birinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər.

Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1100-VIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1100-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etməlidir.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə"nin təsdiqi barədə" fərmanda aşağıdakı dəyişikliklər edilib:

1. 5.1-ci bəndə "ikinci cümləsində ikinci halda" sözlərindən sonra ", üçüncü cümləsində ikinci halda" sözləri əlavə edilsin;

2. 5.4-1-ci bəndə "münasibətdə" sözündən sonra "Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və" sözləri əlavə edilsin;

3. 5.12-ci bənddən "və ikinci cümləsində birinci halda" sözləri çıxarılsın və həmin bənddə "Xarici Kəşfiyyat Xidməti həyata keçirir" sözləri "Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər" sözləri ilə əvəz edilsin;

4. aşağıdakı məzmunda 5.12-1-ci və 5.12-2-ci bəndlər əlavə edilsin:

"5.12-1. həmin Qanunun 45.5-ci maddəsinin ikinci cümləsində birinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir;

5.12-2. həmin Qanunun 45.5-ci maddəsinin üçüncü cümləsində birinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər;".