Müstəqillik istəyən adaların ümid yeri

Müəllif: Elvin Səxavətoğlu

Dünyada baş verən son proseslər göstərir ki, Qərb imperializminin təsir gücü getdikcə zəifləyir. Digər sivlizasiyaların dirçəlməsi nəticəsində Qərbin kiçik dövlətlər üzərindəki təsiri əvvəlki qədər effektiv deyil.

Artıq kiçik dövlətlər və müstəmləkələr özləri üçün yeni təhlükəsizlik çətiri formalaşdırmaq, müstəqillik əldə etmək üçün hərəkətə keçiblər. Bu prosesdə xüsusilə müstəmləkə olan Korsika, Yeni Kaledonya, Melaneziya, Polineziya, Karib və Antil adalarının cəsarətli addımları diqqət çəkir. Qeyd edilən adaların əksəriyyəti Fransanın nəzarəti altındadır.

Xatırladaq ki, Fransa hələ də 14 Afrika ölkəsinin milli sərvətini öz əlində tutur, mədənlərindən çıxan təbii sərvətdən əldə olunan maliyyəni Parisə daşıyır. Hər il Afrika dövlətlərinin təbii sərvətlərinin satışından Fransanın dövlət büdcəsinə 500 milyard dollara yaxın vəsait daxil olur.

Təbii ki, Fransanın ada dövlətlərinə iddiasının da əsasında bölgələrin sərvətləri dayanır. Artıq adaların həqiqi sahibləri təbii sərvətlərinin istifadəsi uğurunda mübarizəyə başlayıblar və rəsmi Parisin siyasətinə etiraz edirlər. 

Məsələn, hazırda Bakıda Fransanın müstəmləkə altında saxladığı ərazilərdəki Müstəqillik Hərəkatlarının ilk Qurultayı keçirilir.

Qurultayda Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxsləri iştirak edir. Onlar özləri Qurultayın Azərbaycanda keçirilməsinə qərar veriblər. Çünki Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə lokomotiv rolunu üzərində götürərək kolonializm və neokolonializmə qarşı mübarizəyə qətiyyətli dəstək vermişdi.

Ona görə də Bakı Təşəbbüs Qrupunun tədbirlərinə hər il daha çox nümayəndə qatılır. Təşəbbüs Qrupunun uğurlu fəaliyyəti əsarət altında yaşayan digər xalqların da diqqətini çəkməmiş deyildir.

Bu sırada Niderlandın əsarəti altında yaşayan xalqların oyanışını xüsusilə qeyd etmək olar. Bakıda keçirilən Qurultayda Niderland müstəmləklərini təmsil edən 3 siyasi hərəkatın rəhbərləri təmsil olunur.

Görünən odur ki, yeni dünya nizamının formalaşdığı dövrdə Azərbaycanın əhəmiyyəti artmaqdadır. Artıq müstəqillik uğrunda mübarizə apardan dövlətlər Azərbaycanın çətiri altında müstəmləkəçiliyə qarşı müqavimət göstərirlər.