Ermənistan ordusunda xaos - Hərbçilər Silahlı Qüvvələri tərk edib

Müəllif: Elvin Səxavətoğlu
Ermənistan hakimiyyəti 4 ildir Vətən Müharibəsində orduya dəymiş ziyanı aradan qaldırmaq üçün çalışır.
Qeyd edək ki, 44 gün davam edən müharibə nəticəsində düşmən 10 ədəd S-300 və onun taktiki-döyüş vasitələri, 366 tank, 352 müxtəlif çaplı top, 22 ədəd Pilotsuz Uçuş Aparatı, 5 Su-25 təyyarəsi, 50 Tor, Osa, Kub, Kruq modelli zenit-raket kompleksindən məhrum olunub. Eyni zamanda döyüş əməliyyatları çərçivəsində xüsusi əhəmiyyətə malik 97 ədəd Qrad, 4 ədəd Smerç, 2 Uraqan, 1 Tos odsaçan, 2 Uraqan, 1 ədəd Yars, Toçka-U, ballistik raketlər, Elbrus raket kompleksləri də məhv edilib.
Ümumilikdə orduya 5 milyardda yaxın ziyan dəyib.
Rəsmi İrəvan müharibədən sonra demək olar ki, Rusiya silahlarından və təlimlərindən imtina edib. Hazırda Ermənistan ordusunun əsas silah təchizatçıları ABŞ, Hindistan və Fransadır.
Rəsmi İrəvan ötən müddət ərzində Fransadan "Acmat" şirkətinin istehsalı olan çoxməqsədli "Bastion" zirehli texnika alıb.
Həmçinin Hindistan istehsalı olan "Akash 1S" Hava Hücumundan Müdafiə Sistemlərini ilin sonuna qədər arsenalına daxil edəcək. "Pinaka" raket sistemini isə artıq əldə edib.
Bundan başqa, ABŞ-da Ermənistan ordusunun silahlandırılması ilə məşğuldur. Bir neçə gün əvvəl iki ABŞ hərbi təyyarəsi Ermənistana snayper tüfəngləri, gecəgörmə cihazları, rabitə vasitələri, zirehlər, mini-dron və minalar gətirib.
Ermənistan hakimiyyəti hərbi xərcləri də artırmaqdadır. Amma orduda ciddi kadr böhranı müşahidə olunur.
Bir çox hərbçi Ermənistan Silahlı Qüvvələrini tərk edir.
Məsələn, jurnalist Oskan Sarkisyan yazır ki, müdafiə mövqelərində təhlükəli xidmət edən milislərin maaşları 60 min dram (253 AZN) azaldılıb.
Əvvəl isə onlar 180 min dram (789 AZN) maaş alırdılar. Jurnalistin iddiasına görə, maaş azaldığı üçün hərbçilərin bir hissəsi ordunu tərk etməyə başlayıb. Həmçinin az maaşla dolanan zabit heyəti tez-tez dövlət əmlakını talayıb satır, əsgər heyətindən rüşvət yığır.
Məlumdur ki, ordunun gücü onun şəxsi heyətindədir. Şəxsi heyətdə ruh düşkünlüyü mövcuddursa, uğur qazanmaq mümkünsüz olur.
Ermənistan ordusunda 44 günlük Vətən Müharibəsindən əvvəl də ciddi korrupsiya faktları, ruh düşkünlüyünə yol açacaq təchizat problemləri mövcud idi. Bu səbəbdən müharibə dövründə orduda 10 min nəfərdən çox fərari aşkarlanmışdı.
Jurnalistin iddiasından belə aydın olur ki, Ermənistan ordusunda qeyri-döyüş şəraitində də problemlər azalmaq bilmir. Ona görə ordunu bahalı ABŞ, Fransa və Hindistan silahları ilə təchiz etmək heç bir işə yaramayacaq. Çünki ciddi ruh düşkünlüyü yaşayan erməni hərbçisində həmin silahları idarə edəcək qabiliyyət və qətiyyət yoxdur. Aydındır ki, "dedovşina", rüşvət, yeyinti halları, oğurluğun tüğyan etdiyi silahlı qüvvələr siyasi hakimiyyəti çıxılmaz vəziyyətə salıb. Bu isə erməni dövlətinin hələ uzun müddət normal orduya sahib olmayacağından xəbər verir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре