Bu ehtiyat hissələri dəhşətli qəzalara səbəb olur

Son vaxtlar ən çox narahatlıq doğuran problemlərdən biri də hər gün baş verən yol-nəqliyyat hadisələridir. Hər il avtomobil qəzaları zamanı çox sayıda insan dünyasını dəyişir. 

Baş verən qəzaların müxtəlif səbəbləri var. Bunların içərisində ən çox rastlanan problem isə avtomobillərin işıqlandırılması ilə bağlıdır. İnsanlar arasında ksenon lampa kimi tanınan led işıqlardan istifadə günün axşam və gecə saatlarında nəqliyyat vasitələrinin hərəkəti üçün ciddi çətinliklər yaradır. Bir çox hallarda qəzalarla nəticələnən bu hal, artıq illərdir ki, davam edir. 

Day.Az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, maşınlarda zavod istehsalı olan işıq lampalarından istifadə daha məqsədəuyğundur:  vakansiya

"Yol nəqliyyat hadisələrinin başlıca səbəblərindən biri də, düzgün işıqlanmanın seçilməməsidir. Avtomobillər üçün 2 cür lampa olur. Bunların birincisi birbaşa zavod istehsalı olan normal lampalar, digəri isə sonradan avtomobilə quraşdırılan və daha gur olan ksenonlardır. Zavod istehsalı olan lampalarda işıq nə qədər gur olarsa belə, o birbaşa yol səthinə vurur və qarşıdan gələ nəqliyyat vasitəsinə maneə yaratmır. Əksinə, bu işığın köməyi ilə digər işıqları nisbətən zəif olan maşınlar hərəkət edə bilirlər". 

Ekspertin fikrincə, led və gurlaşdırıcı lampalardan istifadə birbaşa qəza riski yaradır: 

"Ksenon lampalarda isə işıq birbaşa qarşıda və öndə hərəkət edən avtomobilin sürücüsünün gözünə düşür, görüş məsafəsinə mane olur. Belə olan halda isə əksər vaxtlar insan ölümü və yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verir. Ona görə də bu kimi hallardan mütləq qorunmaq lazımdır. Buna görə də qeyri-zavod buraxılışı olan işıq lampalarından və gurlaşdırıcı çərçivələrdən istifadə etmək tövsiyə olunmur".