Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi Sitara Ayaz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, başsağlığı məktubunda deyilir:

"Zati-aliləri.

Dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları" QSC-yə məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması nəticəsində insanların həyatını itirmələri ilə əlaqədar Beynəlxalq Parlamentarilər Konqresi adından Sizə, Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm.

Qəlbimiz bu ürəkağrıdan faciədə həlak olanların ailələrinin və yaxınlarının yanındadır. Yaralananların tezliklə və tam sağalmalarını arzulayırıq.

Əminəm ki, Azərbaycan xalqının birliyi bu çətin dövrü dəf etməyə imkan verəcəkdir. Bu ağır vaxtda biz də Sizinlə həmrəyliyimizi ifadə edirik".