Azərbaycan dili - dövlətçilik və milli kimliyin əsas atributu
Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziyalara müsahibəsində daxili və xarici siyasəti əhatə edən bir çox suala cavab verir. Dövlət başçısının Azərbaycan dilinin qorunması barədə səsləndirdiyi fikirlər də böyük əhəmiyyətə malikdir.
Dövlət başçısı deyib ki, "Dil o amildir ki, milləti millət edir."
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan dilinin qorunması barədə danışarkən, dilə xarici kəlmələrin gəlməsinə qarşı olduğunu deyib.
"Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də özümüz heç buna fikir vermirik, damcı-damcı sarsıdır. Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir."
Qeyd edək ki, Prezident İlham Əliyev ilk dəfə deyil Azərbaycan dilinin qorunması mövzusuna toxunur.
Dövlət başçısı Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağındakı çıxışında bildirmişdi ki, Azərbaycan dili çox zəngin dildir.
"Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti. Mən azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə olaraq tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm. Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur."
Dövlət dili hansı təsirlərdən qorunmalıdır?
Həqiqətən də, dil milləti birləşdirən, onun tarixi yaddaşını, mədəniyyətini və mənəvi dəyərlərini yaşadan əsas vasitədir. Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda milli kimliyimizin və dövlətçiliyimizin əsas atributlarından biridir. Dilin zəifləməsi və ya yad təsirlərə məruz qalması birbaşa milli özünüdərkə və dövlətçilik təfəkkürünə zərbə vurur.
Müasir dövrdə qloballaşma, texnologiyanın sürətli inkişafı, sosial şəbəkələr və internet resursları Azərbaycan dilinə həm imkanlar, həm də təhlükələr yaradır. Xüsusilə xarici sözlərin nəzarətsiz şəkildə dilə daxil olması, danışıq və yazı mədəniyyətinin zəifləməsi ədəbi dilin saflığını sarsıdır. Buna görə də Azərbaycan dilinin qorunması təkcə dilçi alimlərin deyil, hər bir vətəndaşın və dövlətin birgə məsuliyyətidir.
Dövlət Azərbaycan dilinin qorunması istiqamətində hansı işləri görür?
Azərbaycan dövləti dil məsələsini daim strateji əhəmiyyətli sahə kimi qiymətləndirib və bu istiqamətdə mühüm addımlar atıb. Azərbaycan Respublikası Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilib. Bu, dilin hüquqi qorunmasının əsasını təşkil edir.
Bundan əlavə, dövlət başçısı Azərbaycan dilinin qorunması ilə bağlı fərman və sərəncamları imzalayıb.
- Azərbaycan dilinin tətbiqi və qorunması ilə bağlı dövlət proqramları qəbul edilib;
- Terminologiya Komissiyası fəaliyyət göstərir və yeni terminlərin dilə uyğunlaşdırılması həyata keçirilir;
- Dövlət qurumlarında, mediada, reklam və ictimai yazılarda ədəbi dil normalarına riayət tələbləri gücləndirilib;
- Televiziya və radio kanallarında dil normalarına nəzarət mexanizmləri tətbiq olunub.
Eyni zamanda, təhsil sistemində Azərbaycan dili və ədəbiyyatının tədrisi daim yenilənir, dərsliklərin keyfiyyəti artırılır, müəllim hazırlığına xüsusi diqqət yetirilir.
Xaricdə yaşayan azərbaycanlılar və dilin yaşadılması
Azərbaycan dilinin qorunması yalnız ölkə daxilində deyil, xaricdə yaşayan milyonlarla soydaşımız üçün də mühüm məsələdir. Diasporla iş sahəsində dövlət tərəfindən görülən tədbirlər çərçivəsində:
- Xaricdə Azərbaycan dili kursları təşkil olunur;
- Ana dilində dərsliklər və tədris materialları hazırlanır;
- Onlayn məktəblərin və distant təhsil platformalarının genişləndirilməsi zəruri hesab olunur.
Bu addımlar xaricdə böyüyən gənc nəslin ana dilini mükəmməl öyrənməsinə, milli kimliyini qorumasına və Azərbaycanla mənəvi bağlarının möhkəmlənməsinə xidmət edir.
Azərbaycan ədəbi dilinin saflığının qorunması dövlətçilik məsələsidir. Dilimizi qorumaqla biz milli kimliyimizi, tariximizi və gələcəyimizi qoruyuruq. Dövlətin atdığı addımlar mühüm əhəmiyyət daşısa da, bu prosesdə cəmiyyətin, xüsusilə gənclərin, medianın və ziyalıların rolu əvəzsizdir. Azərbaycan dili yalnız rəsmi sənədlərdə deyil, gündəlik ünsiyyətdə, sosial mediada və ictimai mühitdə də saf, düzgün və hörmətlə istifadə olunmalıdır.
Elvin Səxavətoğlu
Day.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре