https://news.day.az/azerinews/1872002.html Vaxtilə cibimizdə gəzdirdiyimiz “Şirvan” indi 1 200 dollara təklif olunur - ARAŞDIRMA Xalq arasında "Şirvan" kimi tanınan, Azərbaycanın 1994-cü ildə dövriyyəyə buraxılmış 10 min manatlıq əsginasının bəzi nümunələri bu gün beynəlxalq hərraclarda yüzlərlə dollara satılır. Əsginasın çap xüsusiyyətlərindən, seriya nömrəsindən və qorunub-saxlanma vəziyyətindən asılı olaraq qiyməti kəskin şəkildə dəyişə bilir.

Vaxtilə cibimizdə gəzdirdiyimiz “Şirvan” indi 1 200 dollara təklif olunur - ARAŞDIRMA

Azərbaycanca, 4 ноября 2026 15:50 (UTC +04:00) 434
Vaxtilə cibimizdə gəzdirdiyimiz “Şirvan” indi 1 200 dollara təklif olunur

Xalq arasında "Şirvan" kimi tanınan, Azərbaycanın 1994-cü ildə dövriyyəyə buraxılmış 10 min manatlıq əsginasının bəzi nümunələri bu gün beynəlxalq hərraclarda yüzlərlə dollara satılır. Əsginasın çap xüsusiyyətlərindən, seriya nömrəsindən və qorunub-saxlanma vəziyyətindən asılı olaraq qiyməti kəskin şəkildə dəyişə bilir.

Day.Az xəbər verir ki, bunu Trend-ə numizmat Fərhad Məmmədov bildirib.

Onun sözlərinə görə, 10 min manatlıq əsginas 1994-cü ildə dövriyyəyə buraxılıb və 2006-cı ildə denominasiya aparılanadək tədavüldə olub.

"Əsginaz Milli Bankın sifarişi ilə Almaniyanın "Giesecke & Devrient" şirkəti tərəfindən çap edilib. Onun hündürlüyü 65 millimetr, eni isə 130 millimetrdir. Beynəlxalq numizmatik kataloqlarda bu əsginaz P-21 nömrəsi ilə qeyd olunur", - deyə F.Məmmədov bildirib.

Numizmat qeyd edib ki, əsginazın ön tərəfində Şirvanşahlar sarayının ümumi görünüşü təsvir olunub. Məhz bu təsvirə görə pul xalq arasında "Şirvan" adlandırılır. Əsginazın arxa tərəfində isə milli ornamentlərlə haşiyələnmiş çərçivə daxilində nominal dəyər həm rəqəmlə, həm də sözlə göstərilib.

F.Məmmədovun sözlərinə görə, əskinazın dizaynı Azərbaycanın görkəmli xalçaçı rəssamı Eldar Mikayılzadənin eskizləri əsasında hazırlanıb.

"Eyni nominal olsa da, bütün Şirvanlar eyni qiymətdə deyil"

F.Məmmədov bildirib ki, 10 min manatlıq əskinazların kolleksiya dəyərini müəyyən edən bir neçə mühüm xüsusiyyət var.

"Burada əsasən çap və saxlanma vəziyyəti, əskinazın ilkin və ya sonrakı buraxılışa aid olması, seriya nömrəsinin xüsusiyyətləri nəzərə alınır. Eyni nominala və eyni dizayna malik əskinazların belə təhlükəsizlik elementlərinə görə fərqli variantları mövcuddur. Xüsusilə təhlükəsizlik folqasının quruluşu, onun kəsik-kəsik və ya bütöv lent formasında olması, eləcə də seriya nömrələrinin şrifti fərqləndirici xüsusiyyətlərdəndir", - deyə o vurğulayıb.

Numizmat əlavə edib ki, qeyri-adi seriya nömrələrinə malik nümunələr kolleksiyaçılar üçün daha cəlbedici ola bilər.

"Məsələn, seriya nömrəsi yalnız bir rəqəmdən ibarət olan əskinazlar tələb-təklifdən asılı olaraq yüzlərlə manat dəyərində qiymətləndirilə bilər", - deyə F.Məmmədov bildirib.

Yerli bazarda "Şirvan"ların qiyməti nə qədərdir?

Mövzu ilə bağlı Trend-ə danışan kolleksiyaçı Cabir Hüseynov bildirib ki, 10 min manatlıq əskinazların yerli bazarda qiymətləri onların təhlükəsizlik folqasının növündən və saxlanma vəziyyətindən asılı olaraq ciddi fərqlənir.

Onun sözlərinə görə, kəsik-kəsik təhlükəsizlik lentinə malik, orta və orta vəziyyətdən bir qədər yaxşı qorunmuş nümunələrin qiyməti 2-3 manat arasında dəyişir.

"Çox yaxşı vəziyyətdə olan nümunələr 7-10 manata, az müddət dövriyyədə olmuş AU vəziyyətindəki əsginazlar isə 20-25 manata təklif edilir. Tam UNC, yəni ideal, dövriyyədə olmamış vəziyyətdə olanların qiyməti 30-50 manat civarındadır", - deyə C.Hüseynov bildirib.

Kolleksiyaçı qeyd edib ki, bütöv təhlükəsizlik lentinə malik, bazarda "lentsiz" adlandırılan variantların qiyməti daha yüksəkdir.

"Bu variantların tam UNC, yəni ideal vəziyyətdə olanları 1 000-1 200 dollar civarında qiymətləndirilə bilər. XF vəziyyətində olanların qiyməti 500 manata qədər yüksəlir. Orta vəziyyətdə olan nümunələr isə təxminən 100 manat civarında olur", - deyə C.Hüseynov əlavə edib.

Beynəlxalq hərraclarda daha nadir nümunələr yüksək qiymətə satılır

Fərhad Məmmədov bildirib ki, beynəlxalq sertifikasiyadan keçmiş əskinazlar da kolleksiya bazarında əlavə üstünlüyə malikdir.

"Beynəlxalq sertifikatlaşdırma əskinazın vəziyyətini təsdiqləyir və onun kolleksiya bazarında satışını asanlaşdırır. Məsələn, AB prefiksi ilə başlayan bu nümunə PMG tərəfindən dövriyyəyə buraxılmamış vəziyyətdə 66-cı dərəcə ilə sertifikatlaşdırılıb. Həmin əskinaz bu ilin fevralında Çexiyanın Klondike hərracında 110 avroya, yəni təxminən 210 manata satılıb", - deyə F.Məmmədov bildirib.

Onun sözlərinə görə, ən nadir variantlardan biri təhlükəsizlik folqası olmayan əskinazlardır.

"Bu nümunələrin sayı barmaqla sayılacaq qədər azdır. Məsələn, 65-ci dərəcə ilə sertifikatlaşdırılmış belə bir əsginas ötən il nüfuzlu Stack's Bowers hərracında 552 dollara, yəni təxminən 938 manata satılıb", - deyə numizmat qeyd edib.

F.Məmmədov bildirib ki, kolleksiya baxımından ən maraqlı nümunələrdən biri də "Specimen", yəni sınaq və nümayiş məqsədilə hazırlanmış əskinazlardır.

"Bu əskinazlar adi dövriyyə nümunələrindən fərqlənir və kolleksiyaçılar arasında xüsusi maraq doğurur. Məsələn, PMG tərəfindən 64-cü dərəcə ilə sertifikatlaşdırılmış belə bir nümunə hazırda eBay platformasında 600 dollara, təxminən 1 020 manata satışa çıxarılıb", - deyə o əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости