Azərbaycanlılar yay turizm mövsümündə hansı ölkələrə üz tuturlar?

Artıq yay turizm sezonu başlayıb. Xarici ölkələrdən ölkəmizə turistlər gəldiyi kimi, eyni formada yerli vətəndaşlarımız da sezonda xarici dövlətlərə üz tuturlar.
Day.Az xəbər verir ki, mövzu ilə bağlı Trend-ə açıqlamasında turizm məsələləri üzrə ekspert Cəfər Qarayev bildirib ki, yay mövsümü turizmdə ən aktual mövsümdür:
"Bu mövsümdə məktəblər və universitetlər tətilə çıxır, ailəvi tətillər başlayır. Dövlət işində işləyənlərin də çoxu məzuniyyətlərini yay aylarında götürür. Onun üçün də həm ölkə daxilində istirahət edənlərin, həm də ölkə xaricinə çıxanların sayı çoxalır".
Onun sözlərinə görə, iyun, iyul və avqust ayları turizmçilər üçün aktiv mövsüm hesab olunur:
"Bu aylarda tələblər, səfərlər çoxalır. Bunun üçün də turizm sahəsində çalışan hər kəs yay mövsümünü gözləyir. Onlar hazırlaşır və bu sezonda gücləndirilmiş iş rejimində faəliyyət göstərir. Gedən və gələn turistlərə xidmət etmək, onlara diqqət və qayğı göstərmək hər bir turizmçinin vəzifəsidir. Əlimizdən gələni edirik ki, yerli turistlərimizin xaricə səfərləri uğurla həyata keçsin, istirahət etsinlər, vətənə xoş təəssüratla qayıtsınlar. Eynilə xaricdən Azərbaycana gələn turistlərə də yüksək səviyyədə xidmət göstəririk ki, öz ölkələrinə qayıdıb ətraflarındakılara ölkəmizi tövsiyə etsinlər".
Ekspert qeyd edib ki, Azərbaycan vətəndaşları üçün ən çox üz tutulan ölkə Türkiyədir:
"Türkiyənin sahil zonaları, dənizətrafı kurort zonaları Azərbaycan vətəndaşları üçün diqqət çəkən ərazilərdir. Bundan başqa, bazarda yeni istiqamətlər də var. Monteneqro, Yunanıstan, Tayland kimi istiqamətlər də tur paketlər siyahısında prioritetlərdəndir. Yay aylarında xüsusilə ərəb ölkələrinə gedilmir, çünki havalar çox istidir. Gedənlər olsa da, amma az olur. Havalar isti olduğu üçün daha çox dəniz, okean sahilləri, çimərlik turizmi olan ölkələrə üz tutulur".
C.Qarayev sonda vurğulayıb ki, tur paketləri əvvəlcədən almaq daha çox sərfəlidir:
"İngiliscə "early booking", dilimizdə isə erkən rezervasiya adlanan proses var. Bu daha çox yay aylarında tətil edənlər üçündür. Onların yanvar-fevral aylarında paketləri alamaları daha məsləhətlidir. Bu zaman təxminən 30%-ə yaxın endirim olunur. Hazırda isə o qədər də endirimlər yoxdur. Çünki artıq mövsüm başlayıb. Hotellərin doluluq səviyyəsi artıb, tələb çoxdur. Bu səbəbdən də hotellər və hava yolları çox vaxt endirim tətbiq etmirlər".
Turizm eksperti Fariz Hacıyev isə Trend-ə bildirib ki, azərbaycanlıların yay tətilində xaricə üz tutan hissəsi təqribən 50%-dir:
"Vətəndaşların hansı ölkələrə səyahətə maraq göstərməsi mövsümə görə dəyişir. Sezona görə Misir, Antalya və Monteneqro maraq göstərilən istiqamətlərdəndir. Burada vətəndaşların büdcələri də rol oynayan amillər arasındadır".
Ekspert qeyd edib ki, tur paketləri əvvəlcədən əldə etmək vətəndaşlar üçün daha sərfəli başa gəlir:
"5 ay əvvəl alınan tur paketlə bu gün alınan arasında təbii ki, fərq olur. Bu fərq bəzən hətta 50-100%-ə qədər ola bilir. Bu dəyişikliklər təbii ki, məsafə, tur paketə daxil olan xidmətlər və istiqamətdən asılı olaraq dəyişə bilir".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре