Hazırda dünyada Nobel mükafatına Donald Trampdan daha layiqli siyasi fiqur yoxdur

Azərbaycanın tam haqqı var ki, müharibəni bitirən, haqlı savaşımızın leqallığını qəbul edən şəxsin bu mükafata namizədliyini irəli sürsün.

Bu barədə Trend-ə danışan siyasi şərhçi Əziz Əlibəyli deyib.

Onun sözlərinə görə, Alfred Nobelin Azərbaycan sərvətlərindən qazancı ilə bu mükafat təsis olunub:

"Bu günə qədər azərbaycanlıların Nobel mükafatı üzərində ciddi bir təsir imkanları olmayıb. İndi dünyanın taleyinin müəyyən olunduğu dönəmdə Trampın yürütdüyü siyasət belə möhtəşəm bir mükafata layiqdir".

"Bizim daha çox haqqımız var ki, dünyada Nobel mükafatını kimin alacağına yönəlik qərar verək. Ona görə də hesab edirəm ki, Prezident İlham Əliyevin tezliklə bu məsələni irəli sürməsi dəstək alacaq. Bunun Azərbaycan məsələsinə görə olması əlahiddə bir mərhələ oldu", - Ə.Əlibəyli deyib.

 

Siyasi şərhçi Turan Rzayev Trend-ə bildirib ki, ABŞ Prezidenti Donald Trampın Nobel mükafatına namizədliyinin irəli sürülməsi artıq real addımlar çərçivəsində mümkün və layiqli görünür:

"Sözün əsl mənasında, Donald Tramp ABŞ tarixində müharibələrdən ən çox uzaq durmağa çalışan və hazırda aktual münaqişələrin həllində addım atan nadir şəxslərdəndir. Məsələn, Rusiya-Ukrayna müharibəsi kontekstində apardığı danışıqlar və tərəfləri uzlaşdırmaq cəhdləri, 12 günlük İran-İsrail gərginliyinin bitirilməsindəki çağırışları və açıq fəaliyyətləri, həmçinin, Pakistan-Hindistan gərginliyinin sona çatmasında tərəflərin ayrı-ayrılıqda danışıqların aparılması, ən sonda da Vaşinqtonda baş tutan Azərbaycan-Ermənistan danışıqları və real uğurlar qazanması Donald Trampın Nobel sülh mükafatı almasını əsaslandırır".

"Şübhəsiz ki, Trampın bundan sonrakı faəliyyətində də biz sülh və əmin-amanlığa xidmət edəcək addımların atılacağını görə bilərik. Hazırda Trampın əldə edə biləcəyi sülh proseslərinin reallığı Azərbaycan-Ermənistan danışıqlarında və Rusiya-Ukrayna danışıqlarında görünür.

Hər iki münaqişədə də real nəticələrin əldə edilməsi mümkündür. Bu danışıqlar Azərbaycan-Ermənistan arasında 30 ildən çox müddətdir davam edən münaqişəni bitirə bilər. Bu da Trampın Nobel sülh mükafatı qazanması üçün ən önəmli səbəb ola bilər.

Hazırda mövcud dünya sistemində bu mükafata Donald Trampdan daha layiqli siyasi fiqur yoxdur. Hesab etmək olar ki, builki Nobel sülh mükafatını alma ehtimalı da Donald Trampdadır. Trampın Azərbaycan-Ermənistan sülhünə verdiyi töhfə dünya ictimaiyyəti tərəfindən də düzgün qiymətləndiriləcək və Donald Tramp bu mükafatı alacaq", - T.Rzayev deyib.