İş qrafikləri dəyişdiriləcək - Tıxaclar aradan QALXACAQMI?
Dəyişkən iş qrafiki nəqliyyat infrastrukturu üzərində mühüm təsir göstərir. Xüsusilə pik saatlarda yol və ictimai nəqliyyat yüklənməsini azaldır.
Ənənəvi sabit iş başlanğıc və bitiş saatları şəhərlərdə səhər və axşam "pik saat" tıxaclarının yaranmasına səbəb olur, lakin çevik qrafiklər işçilərin müxtəlif vaxtlarda hərəkət etməsinə imkan verdiyi üçün nəqliyyat axını daha bərabər paylanır.
Bu isə avtobus, metro və yol şəbəkələrində sıxlığın azalmasına, gecikmələrin minimuma enməsinə və ümumi hərəkət rahatlığının artmasına gətirib çıxarır.
Nəticədə həm şəhər nəqliyyat sisteminin effektivliyi yüksəlir, həm də infrastruktur üzərində aşırı yüklənmə azalaraq onun istismar müddətinin uzanmasına şərait yaranır.
Mövzu ilə bağlı Day.Az-a açıqlamasında əmək məsələləri üzrə hüquqşünas Sahib Məmmədov deyib ki, Bakı şəhərinin nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair dövlət proqramında onlarla tədbir nəzərdə tutulub.
Hüquqşünas qeyd edib ki, onlardan biri də iş yerlərinin qrafiklərinin optimallaşdırılmasıdır.
"Bakıda iri sənaye müəssisələrinin sayı çox deyil. Mövcud olanlar, məsələn, neftayırma zavodu kimi obyektlər artıq növbəli iş sistemi ilə fəaliyyət göstərir. Onların iş rejimini dəyişmək demək olar ki, mümkün deyil.
Özəl sektor isə əsasən xırda müəssisələrdən ibarətdir. On minlərlə kiçik iş yeri mövcuddur və hər birində beş-on nəfər çalışır. Ticarət və xidmət sahələrində isə iş qrafikini kütləvi şəkildə dəyişmək real görünmür, çünki bu sahələr birbaşa gündəlik həyatın təminatı ilə bağlıdır," - o deyib.
S.Məmmədov bildirib ki, ən böyük məsələ təhsil müəssisələri ilə bağlıdır:
"Məktəblərə uşaqların şəxsi avtomobillərlə gətirilib-aparılması xüsusilə səhər və günün ikinci yarısında ciddi tıxac yaradır. Bu sahədə dəyişikliklər daha mürəkkəbdir, çünki məktəblərin köçürülməsi və ya iş rejiminin dəyişdirilməsi yalnız fiziki infrastrukturla bağlı deyil, həm də pedaqoji heyət və təşkilati məsələlərlə bağlı çətinliklər yaradır. Bununla belə, yol infrastrukturu, keçidlər və digər nəqliyyat tədbirləri üzrə aparılan işlər müəyyən qədər vəziyyətin yaxşılaşmasına kömək edə bilər," - hüquqşünas vurğulayıb.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре