Rafael Fiziyev Bakıya qayıtdı: “Azərbaycanlı ilə meksikalı üz-üzə gələndə, həmişə möhtəşəm döyüş alınır”

İyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək UFC Fight Night Baku turnirinin əsas döyüşünün iştirakçısı Rafael Fiziyev artıq Bakıdadır.

Day.Az xəbər verir ki, UFC-nin ulduzunu Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşləri və yaxınları qarşılayıblar.

"Yenidən Bakıya, doğma Azərbaycana qayıtmaq çox xoş hissdir. Qarşıda məni vacib və məsuliyyətli döyüş gözləyir. Özümü əla hiss edirəm, motivasiyam yüksəkdir və tam hazıram. Hazırda bütün diqqətim döyüşə yönəlib və səbirsizliklə oktaqona çıxacağım anı gözləyirəm.

Şənbə günü azarkeşləri möhtəşəm döyüş gözləyir. Azərbaycanlı ilə meksikalı üz-üzə gələndə, həmişə möhtəşəm döyüş alınır. Bu dəfə də fərqli olmayacaq.

Rəqibimin döyüşlərini birinci raundda başa vurması ilə bağlı söhbətlərə gəlincə, MMA-da hər şey bir anın içində dəyişə bilər. Bir zərbə, bir səhv bütün döyüşün taleyini həll edə bilər. Rəqibim aqressiv üsluba malikdir, daim irəli gedir və zərbələrinə tam gücünü qoyur. Son döyüşlərinin bir neçəsini ilk raundda başa vurub. Amma bu mənim hazırlığıma və yanaşmama təsir etmir. Oktaqonda hər şey mümkündür.

Bu döyüşə gedən yol uzun olub. İllərlə çalışmışıq və indi bütün zəhmətin bəhrəsini göstərmək vaxtıdır.

"Bütün azarkeşlərimizi arenaya dəvət edirəm. Sizin dəstəyiniz bizə əlavə güc verir. İnanıram ki, tribunaların enerjisini hiss edərək Azərbaycanı layiqincə təmsil edəcəyik. Şənbə günü birlikdə möhtəşəm atmosfer yaradaq".

Qeyd edək ki, UFC FIGHT NIGHT: FIZIEV vs TORRES turniri 27 iyun tarixində Milli Gimnastika Arenasında baş tutacaq. Yüngül çəki dərəcəsində təmsilçimiz Rafael Fiziev və Manuel Torres oktaqonda üz-üzə gələcəklər.