Avtomobil alarkən hansı kredit növünü seçmək

Avtomobil əldə etmək üçün bir çoxu kredit şansından istifadə edir. Lakin hər kredit növü sərfəlidirmi? 

Mövzu ilə bağlı Day.Az-a açıqlamasında bank eksperti Emin Kərimli deyib ki, burada iki yanaşma var.

O, qeyd edib ki, əgər şəxsin sabit gəliri varsa və əmək haqqısı 15-20-30 min manat civarında kredit əldə etməy imkan verirsə o, bu şansdan istifadə edərək avtomobili birbaşa nağd şəkildə almağı seçə bilər.

"Bu halda avtomobil girovda olmur və istənilən vaxt sərbəst şəkildə satıla bilər.

Digər halda isə şəxsin rəsmi gəliri yoxdursa və ya bank qarşısında gəlirini təsdiqləmək çətindirsə, avtokreditlərdən istifadə olunur. Avtokredit zamanı avtomobil girov kimi bankın təminatında olur və adətən 60 ayadək müddətə verilir. Faiz dərəcələri məhsuldan və şərtlərdən asılı olaraq dəyişə bilər. Bu kredit növünün üstünlüyü ondan ibarətdir ki, bəzi hallarda gəlir sənədlərinə olan tələblər daha yumşaq olur, çünki kredit girovla təmin edilir," - o deyib.

Ekspert vurğulayıb ki, avtokreditlərin bir sıra əlavə məhdudiyyətləri də var.

"Girovda olan avtomobilin satışı yalnız bankın razılığı ilə mümkündür və mülkiyyət hüququ tam sərbəst olmur. Həmçinin bu avtomobillərin idarə olunması üçün etibarnamələr tələb oluna bilər və onlar müəyyən dövrlərdə yenilənməlidir. Etibarnamənin verilməsi üçün də bankın razılığı zəruridir və bəzi hallarda bu müraciətlər rədd edilə bilər. Bundan əlavə, avtokreditlərdə adətən KASKO sığortası da məcburi əlavə xərc kimi tətbiq olunur.

Ümumilikdə seçim şəxsin maliyyə imkanlarından və prioritetlərindən asılıdır. Əgər imkan varsa, nağd kredit götürüb avtomobili birbaşa almaq daha sərfəli və sərbəstlik baxımından əlverişlidir. Bəzi banklar isə yalnız "yaşıl avtomobillər"ə - yəni hibrid və elektrik avtomobillərə kredit verir, digər avtomobillər üzrə isə məhdudiyyətlər tətbiq olunur. Buna görə də nağd və ya kredit seçimində bu faktorlar da nəzərə alınmalıdır", - o yekunlaşdırıb.

Nəsimi Ələsgərli