Azərbaycana gələn turist sayında rekord artım

Yay sezonunun başlanması ilə ölkəmizə turist axını davam etməkdədir. 

Day.Az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev bildirib ki, hər il olduğu kimi, bu il də yay mövsümündə Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunur.

O, qeyd edib ki, xüsusilə Rusiyadan, Asiya ölkələrindən və Avropadan gələn turistlərin sayı çoxluq təşkil edir.

"Bu artım həm yay tətili dövründə insanların kütləvi məzuniyyətə çıxması, uzunmüddətli səyahətlərin planlaşdırılması, həm də paytaxt sakinlərinin bölgələrə daha çox səfər etməsi ilə bağlıdır.

Hazırda Azərbaycana gələn turistlərin sayında Rusiyadan olan axın daha çox nəzərə çarpır. Eyni zamanda qardaş Türkiyədən və digər Asiya ölkələrindən gələn turistlərin də sayında artım var. Bununla yanaşı, bu il əvvəlki illərlə müqayisədə körfəz ölkələrindən gələn turistlərin sayında azalma müşahidə olunur", - o deyib.

Ekspert vurğulayıb ki, bu azalmanın əsas səbəblərindən biri kimi körfəz regionunda baş verən silahlı münaqişələr və bəzi ölkələrdə hava məkanına qoyulan məhdudiyyətlər göstərilir:

"Xüsusilə aviareyslərin körfəz ölkələrinin üzərindən keçməsində yaranan çətinliklər və uçuş marşrutlarının dəyişməsi turist axınına mənfi təsir göstərib. Lakin yay mövsümünün ümumi canlanması nəticəsində Avropa və digər Asiya ölkələrindən gələn turist axını bu azalmanı qismən kompensasiya edib.

Ümumilikdə, yaxın dövrlərdə vəziyyətin sabitləşəcəyi və turizm axınının bütün istiqamətlər üzrə bərpa olunacağı gözlənilir. Nəticədə, ilin sonuna qədər Azərbaycana gələn turist sayında yeni rekord göstəricilərin əldə olunması və turizm sektorunda müsbət dinamikanın davam etməsi proqnozlaşdırılır," - o yekunlaşdırıb.

Nəsimi Ələsgərli