DÇ-2026: Mərakeş penaltilərlə Niderlandı mübarizədən kənarlaşdırdı, Kanadaya rəqib oldu

Mərakeş millisi futbol üzrə dünya çempionatı-2026-nın 1/8 finalına yüksəlib. Afrika təmsilçisi 1/16 finalda Niderlandı dramatik mübarizədən sonra mübarizədən kənarlaşdırıb.

Day.Az İdman.Biz-ə istinadən xəbər verir ki, görüşün əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında isə daha dəqiq oynayan Mərakeş 3:2 hesablı qələbə qazanaraq növbəti mərhələyə adlayıb.

Oyunun ilk hissəsi gərgin taktiki mübarizə şəraitində keçib. Hücumda daha fəal təsir bağışlayan Mərakeş Əşrəf Hakimi və Əzzəddin Unahinin cəhdləri ilə təhlükəli epizodlar yaratsa da, Bart Verbryuqgen qapısını toxunulmaz saxlayıb. Niderland əsasən əks-hücumlara üstünlük verib, lakin Yasin Bunu da etibarlı çıxışı ilə seçilib.

Fasilədən sonra təşəbbüs tədricən Niderlandın əlinə keçib. 72-ci dəqiqədə Krisensio Samervillin ötürməsindən sonra Kodi Qakpo dəqiq zərbə ilə hesabı açıb - 0:1.

Görünürdü ki, Ronald Kumanın komandası minimal üstünlüyü sona qədər qoruyacaq. Lakin Mərakeş təslim olmayıb. 90+1-ci dəqiqədə Şəmsəddin Talbinin cərimə meydançasına ötürməsini İssa Diop baş zərbəsi ilə qola çevirərək hesabı bərabərləşdirib - 1:1. Bununla da matç əlavə vaxta uzanıb.

Əlavə vaxtda qələbəyə daha yaxın olan Mərakeş olub. Ən real fürsəti Sufyan Rahimi yaxalasa da, təkbətək vəziyyətdə Bart Verbryuqgen möhtəşəm qurtarışla komandasını xilas edib.

Beləliklə, 120 dəqiqənin ardından qalib müəyyənləşməyib və oyunun taleyi penaltilər seriyasında həll olunub.

Seriyada hesabı Niderlandın heyətində Teun Kopmeyners açıb - 1:0. Mərakeşdən Neil Əl-Aynauinin zərbəsi tirə dəyib. Lakin üstünlüyünü artırmaq imkanı qazanan Castin Klyuyvert də topu dirəyə vurub. Ardınca Sufyan Rahimi, Verbryuqgen topa toxunsa da, hesabı bərabərləşdirib - 1:1.

Niderlandın üçüncü penalti zərbəsini Vaut Veqhorst dəqiq yerinə yetirərək komandasını yenidən önə keçirib - 2:1. Şəmsəddin Talbi isə növbəti zərbəni qola çevirərək tarazlığı bərpa edib - 2:2. Daha sonra Krisensio Samervillin zərbəsini Yasin Bunu dəf edib. Əşrəf Hakimi isə topu dirəyə vuraraq seriyadakı həyəcanı daha da artırıb.

Həlledici məqam son iki zərbədə yaşanıb. Kvinten Timber topu qapının yanından kənara göndərərək Mərakeşə qələbə şansı yaradıb. Bu imkandan maksimum yararlanan İsmayıl Saybari topu qapıya göndərərək komandasına penaltilər seriyasında 3:2 hesablı qələbə qazandırıb və Mərakeşi 1/8 finala yüksəldib.

Mərakeş 1/8 finalda daha əvvəl Cənubi Afrika Respublikasını minimal hesabla məğlub edən Kanada millisi ilə qarşılaşacaq.