Almaniyanın avtomobil sənayesində məşğulluq səviyyəsi 5,8 faiz azalıb
Almaniyanın avtomobil sənayesində çalışanların sayı cari ilin birinci yarısının sonunda ötən ilin eyni dövrü ilə müqayisədə 42 min 300 nəfər və ya 5,8 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Federal Statistika İdarəsinin (Destatis) məlumatında bildirilib.
Bu, 200 mindən çox işçisi olan iri sənaye sahələri arasında ən yüksək azalma göstəricisidir. Bununla da avtomobil sənayesində çalışanların ümumi sayı 691,5 min nəfərə düşüb. Bu da 2005-ci ildən bəri qeydə alınan ən aşağı göstəricidir. Buna baxmayaraq, avtomobil sənayesi Almaniyada maşınqayırmadan sonra ikinci ən böyük sənaye sahəsi olaraq qalır. Maşınqayırma sahəsində 905 min 900 nəfər çalışır.
Avtomobil sənayesində ən ciddi azalma ehtiyat hissələri və aksesuar istehsalında qeydə alınıb. Bu sahədə məşğulluq 7,6 faiz azalaraq 219 min 500 nəfərə düşüb. Avtomobil və mühərrik istehsalında isə azalma 6,1 faiz təşkil edib.
Ümumilikdə Almaniyanın emal sənayesində çalışanların sayı bir il ərzində 2,7 faiz azalaraq 5,29 milyon nəfərə enib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре