“Crocus City Hall” hücumunu koordinasiya edən şəxsə 20 il həbs verildi
Əfqanıstan vətəndaşı, İŞİD-in Əfqanıstandakı qolu olan "Vilayət Xorasan" terror təşkilatının üzvü Məhəmməd Şərifulla ABŞ-da 20 il müddətinə azadlıqdan məhrum edilib.
Day.Az xəbər verir ki, məhkəmənin qərarına əsasən, Şərifulla 2016-2025-ci illər ərzində 10-dan çox terror hücumunda iştirak edib.
İstintaq zamanı müəyyən edilib ki, o, 2021-ci ildə ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılmasından əvvəl Kabil hava limanı ətrafında kəşfiyyat fəaliyyəti aparıb. Daha sonra hava limanı yaxınlığında törədilən partlayış nəticəsində 13 ABŞ hərbçisi və 160-dan çox mülki şəxs həyatını itirib.
Şərifullanın 2024-cü ildə Moskvanın "Crocus City Hall" konsert kompleksində baş verən terror aktının hazırlanmasında da iştirak etdiyi bildirilib. Onun hücumu həyata keçirən şəxslərə silahdan istifadə qaydaları ilə bağlı təlimatlar verdiyi müəyyənləşdirilib.
Pakistan-Əfqanıstan sərhədində saxlanılan Şərifulla daha sonra ABŞ-yə gətirilib. O, məhkəmə prosesində ittihamları qəbul edərək təqsirini etiraf edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре