Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti
FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb.
Bakı Şəhər Halqasından AZƏRTAC-a bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib.
"Bakı Şəhər Halqası unikal trekdir və həqiqətən möhtəşəmdir. Burada tarixi irs və müasir memarlıq bir-birini tamamlayır. Bu trek pilotlar qarşısında fərqli və çətin çağırışlar qoymaqla yanaşı, tamaşaçılara da maraqlı yarış izləmək imkanı yaradır", - deyə FIA prezidenti Formula 1 Azərbaycan Qran-Prisində iştirak edərkən bildirib.
Onun sözlərinə görə, avtomobil idmanı yalnız pilotların trasdakı mübarizəsindən ibarət deyil. Formula 1, eyni zamanda biznes, turizm və əyləncə baxımından da böyük əhəmiyyət daşıyır.
"İdman artıq əvvəlki kimi yalnız pilotlar arasında rəqabətdən ibarət deyil. Bu, böyük biznesdir, turizmdir, rəqabətdir və əyləncədir. Azərbaycan bütün bunları özündə birləşdirir. Bu səviyyənin qorunub saxlanılması və daim inkişaf etdirilməsi münasibətilə Azərbaycanı təbrik edirəm", - deyə Məhəmməd bin Sulayem bildirib.
FIA prezidenti Azərbaycanın Formula 1 ilə əməkdaşlığının gələcəyinə də toxunaraq, ölkənin bu istiqamətdə uzunmüddətli yanaşmasını müsbət qiymətləndirib.
"Burada gələcəyə hesablanmış planların olduğunu görürəm. Bu, təkcə idman üçün deyil, ölkə üçün də vacibdir. Buna görə də bizim tam dəstəyimiz var", - deyə Məhəmməd bin Sulayem əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре