Aktrisa Dəniz Tacəddin: "Ürəyim bu gedişlə boş qalacaq" - FOTO

Day.Az представляет новость на азербайджанском языке:

Aktrisa Dəniz Tacəddinin Milli.Az-a müsahibəsi.

- Dəniz xanım, son zamanlar sizi seriallarda az-az görürük. Bunun özəl bir səbəbi var?

- Xeyr, elə bir səbəb yoxdur, sadəcə son bir ildə bir neçə filmə çəkildim. Bu baxımdan, vaxt məni çox sıxırdı.

- Hansı filmlərə çəkildiniz?

- "Eliza", "Skripkaçı" və "Əli və Nino" filmlərinə dəvət aldım.

- Demək ki, bu il sizin üçün kifayət qədər məhsuldar keçib...

- Bəli, elə hesab etmək olar. Düşünürdüm ki, cansıxıcı olacaq, amma həqiqətən də, bu il mənə çox düşərli oldu.

- "Əli və Nino" filminə seçilən iki azərbaycanlı aktrisadan biri də siz oldunuz. Necə bir hiss yaşadınız?

- Gözəl hisslər idi. Çox şadam ki, seçilən aktrisalardan biri də məhz mən oldum. Çox gözəl kollektivimiz var. Dünyaca məşhur aktyorlarla eyni filmdə oynamağın da bir ayrı zövqü var (gülür). Çəkilişlər hələ davam edir. Mayın sonuna qədər tam hazır olmalıdır, inşallah.

- Ümumi götürsək, xarici rejissorlarla bizim rejissorların fərqini nədə gördünüz?

- Müqayisə etmək istəmirəm, ancaq bircə bunu deyə bilərəm ki, kəmiyyət olmayan yerdə keyfiyyət də olmur.

- Bəs "Skripkaçı" filminə dəvət almağınız məhz skripkaçı olmağınız ilə bağlıdır?

- Xeyr, təsadüfdür. Mən o filmdə skripkaçını oynamıram. İlqar Fəhminin ssenarisi əsasında lentə alınan qısametrajlı filmdir. Çox maraqlıdır.

- Sizin üçün iki "qarpız"ı bir əldə tutmaq çətin olmur? Bir yandan aktrisalıq, o biri yandan da musiqi... İki yoldan birini seçmək fikriniz yoxdur?

- Aktrisalıq mənim ruhuma işləyib sanki. Zövq alıram filmlərə çəkilməkdən. Özümü çox rahat hiss edirəm. Amma mən musiqini heç vaxt atmaram. Böyük planlarım var. Hətta xaricdə təhsil almağı da planlaşdırıram. Bir də ki, mən hər iki sənətə ciddi iş və qazanc mənbəyi kimi baxıram. Sözümün canı odur ki, nə aktrisalığa, nə də musiqiyə hobbi kimi baxmıram.

- Sırf skripkaçı kimi konsert vermək ağlınızdan keçib?

- Pis olmazdı. Amma konsert vermək, ona hazırlaşmaq və s. kifayət qədər zaman tələb edir. Mən isə o zamanı indi "şamla axtaran"lardanam (gülür).

- Ola bilərmi ki, nə vaxtsa sözügedən bu iki sahədən uzaqlaşıb tamamilə ayrı bir sahəyə yönələsiniz?

- Ola bilər, hər şey qismətə bağlıdır.

- Nə çatışmır?

- Azadlıq...

- Necə yəni azadlıq?..

- Daxili azadlıq... Sözün düzü, mən bir müddət tək yaşamaq istəyirəm. Öz ayaqlarım üzərində durmağı bacarıb-bacarmadığımı bilmək üçün. Amma valideynlərim mənim üçün çox dəyərlidirlər. Bir tərəfdən də düşünürəm ki, bu, mənim üçün çox çətin olar.

- Geyim baxımından sərbəst olduğunuzu bilirdim. Amma yaş artdıqca daha çox qapanmağa üstünlük verənlərdənsiniz, yoxsa?..

- Geyim tərzimi özüm müəyyən edirəm. Amma bura Azərbaycan olduğuna görə mən istirahətə, çimərliyə, əyləncə məkanlarına və s. yerə geyinilən libaslarla günün günorta çağı şəhərdə gəzə bilmərəm.

- Hələ də ürəyiniz boşdur?

- Ürəyim boşdur, bu gedişlə boş qalacaq (gülür). Zarafat bir yana qalsın, hələ tez olduğunu düşünürəm. Həm də mənim əqidəmdə olan bir insan qarşıma çıxmayıb, sözün düzü.

- Sizin əqidəniz necədir ki?

- Mənim əqidəm bölünməzdir, dəyişməzdir. Yalandan, ağılsızlıqdan və s. uzaq bir əqidə...

- Siz özünüz rejissor olsaydınız, hansı mövzuda film çəkmək istərdiniz?

- Psixoloji baxımdan insanın içərisini tərpədən bir film çəkmək istərdim.

- Sizin daxilinizi tərpədən nədir bəs?

- Mənim daxilimi silkələyən bəzi şeylər var. Amma açıqlamaq istəmirəm...

 

Böyütmək üçün şəkillərə klikləyin: