Tədris Cərrahiyyə Klinikasında unikal əməliyyat gerçəkləşib – FOTO
Day.Az представляет новость на азербайджанском языке.
ATU-nun Tədris Cərrahiyyə Klinikasında unikal əməliyyat
6 yaşlı uşağın sınıq qoluna ayaqdan damar köçürülüb
Tibb Universitetinin həkimləri unikal bir əməliyyat icra ediblər. ATU-nun Tədris Cərrahiyyə Klinikasında texniki baxımdan çox mürəkkəb olan mikrocərrahiyyə əməliyyatı sayəsində 6 yaşlı oğlanın qolu kəsilməkdən xilas edilib.
İyunun 15-də Quba rayonundan olan 6 yaşlı Tanrıverdi Allahverdiyev yelləncəkdən yıxılıb. O, yıxılarkən dirsəyinin üstünə düşüb. Dirsək sümüyü tam sınıb və az qala dərini deşərək bayıra çıxıbmış. Uşaq ağır vəziyyətdə Tədris Cərrahiyyə Klinikasına gətirilib və əməliyyata alınıb.
Əməliyyat mikrocərrahiyyə sahəsində iki tanınmış mütəxəssis - ürək-damar uzmanı Mirəli Məcidov və tibb elmləri namizədi Nəsir Cəfərli tərəfindən gerçəkləşdirilib
Doppler müayinəsi zamanı bəlli olub ki, sol qolda qan yalnız dirsəyin ortasına kimi gedir, qan aşağı hissəyə işləmir. M.Məcidov söyləyir ki, damar trombozu uşağın qolunun kəsilməsi ilə nəticələnə bilərdi: "Böyüklərdən fərqli olaraq, uşaqların damarları incə olur, 2 mm qalınlığında damarlardır. Adətən belə hallarda böyük xəstələrdə protezlərdən istifadə edirdik. Uşaqlarda belə imkan olmur. Ona görə təcili olaraq uşağı yenidən əməliyyata götürdük".
Həkimlər gecə saat 12-də yenidən əməliyyata giriblər. Tibb elmləri namizədi Nəsir Cəfərli deyir ki, yıxılma nəticəsində damarlar yalnız sıxılmayıb, həm də onların içi zədələnibmiş: "Dirsəkdəki damarın 3-4 sm-lik hissəsi tamamilə əzilmişdi. Ona görə həmin hissəni çıxardıq. Orada boşluq qalmasın deyə, bypass əməliyyat gerçəkləşdirib, sağ ayaqdan bir hissə damar götürüb sol qola qoyduq. Xəstəyə demək olar travma vermədən onun qolunu xilas edə bildik. Artıq balaca xəstəmizin nəbzi vurur".
N.Cəfərli deyir ki, əgər dərhal müdaxilə olmasaydı, uşağın qolu dirsəkdən aşağı kəsilməliydi. 6 saat davam edən əməliyyat uğurlu keçib. Artıq T.Allahverdiyev reanimasiyadan palataya köçürülüb. Vəziyyəti qənaətbəxşdir, qolunda hərəkət başlayıb, ağrıları da keçmək üzrədir.
Böyütmək üçün şəkillərə klikləyin:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре