https://news.day.az/azerinews/1860391.html Günəş panelləri niyə evlərdə azdır? - Ekspert səbəbləri AÇIQLADI "İlkin investisiyanın yüksək olması səbəbindən hazırda fərdi ev təsərrüfatları və kiçik bizneslər üçün günəş panellərinin quraşdırılması hələ geniş yayılmış praktika deyil". Bunu Day.Az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

Günəş panelləri niyə evlərdə azdır? - Ekspert səbəbləri AÇIQLADI

Azərbaycanca, 16 сентября 2026 10:58 (UTC +04:00) 206
Günəş panelləri niyə evlərdə azdır?

"İlkin investisiyanın yüksək olması səbəbindən hazırda fərdi ev təsərrüfatları və kiçik bizneslər üçün günəş panellərinin quraşdırılması hələ geniş yayılmış praktika deyil".

Bunu Day.Az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

O, Azərbaycanda günəş panellərindən istifadəsinin əhali arasında nə qədər yayıldığı barədə fikirlərini səsləndirib.

Xalid Kərimli bildirib ki, şəxsi evlərin üzərində günəş panellərinə çox nadir hallarda rast gəlirik. Hazırda bərpa olunan enerjinin əsas hissəsi dövlət tərəfindən yaradılan günəş və digər alternativ enerji elektrik stansiyalarının hesabına formalaşır.

"Altı aylıq statistikaya görə, ümumilikdə təxminən 2,8 milyard kilovat-saat bərpa olunan enerji istehsal olunub. Bu, ümumi elektrik enerjisi istehsalının təxminən 21 faizini təşkil edir. Bir neçə il əvvəl bu göstərici 5-6 faizdən çox deyildi və əsasən su elektrik stansiyalarının hesabına formalaşırdı. Su elektrik stansiyaları hələ də mühüm rol oynayır, amma hazırda günəş enerjisinin payı da sürətlə artır. Məsələn, altı ay ərzində istehsal olunan 2,8 milyard kilovat-saat bərpa olunan enerjinin təxminən 282-283 milyon kilovat-saatı günəş elektrik stansiyalarının payına düşüb", - o deyib.

İqtisadçı qeyd edib ki, bu rəqəm bərpa olunan enerji istehsalının təxminən 10 faizinə, ümumi elektrik enerjisi istehsalının isə təxminən 2,1 faizinə bərabərdir.

"Son illərin statistikasına nəzər saldıqda günəş enerjisindən istifadənin kifayət qədər sürətlə artdığını görürük. Ötən il təxminən 600 milyon kilovat-saat günəş enerjisi istehsal edilmişdi. Bununla belə, günəş panellərinin fərdi evlərdə və ev təsərrüfatlarında istifadəsi hələ geniş yayılmayıb. Əsas istehsal dövlət tərəfindən yaradılan iri elektrik stansiyalarının hesabına həyata keçirilir. Gələcək planlara baxdıqda isə bu istiqamətdə dövlət tərəfindən ciddi addımların atılmasının nəzərdə tutulduğunu görürük", - o bildirib.

X.Kərimli vurğulayıb ki, günəş elektrik stansiyalarında əsas xərc ilkin investisiyaya düşür:

"Stansiyanın qurulması, panellərin quraşdırılması və müvafiq infrastrukturun yaradılması böyük maliyyə vəsaiti tələb edir. Lakin stansiya istifadəyə verildikdən sonra istismar xərcləri nisbətən aşağı olur. Ənənəvi elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üçün qaz və ya digər yanacaq növləri alınır. Günəş elektrik stansiyalarında isə panellər quraşdırıldıqdan sonra əsas xərclər onların saxlanılması və istismarı ilə bağlı olur. Ölkənin bərpa olunan enerji potensialının da kifayət qədər böyük olduğu bildirilir. Ümumi potensialın təxminən 200 giqavat olduğu, bunun 20-30 giqavatlıq hissəsinin isə günəş enerjisinin payına düşə biləcəyi qeyd edilir", - iqtisadçı bildirib.

O, əlavə edib ki, bu potensialın reallaşdırılması iqtisadi baxımdan da əhəmiyyətlidir.

"Çünki günəş, külək və su enerjisindən daha çox istifadə etdikcə ənənəvi elektrik stansiyalarında elektrik enerjisi istehsalına yönəldilən təbii qazın həcmi azalır. Nəticədə qənaət olunan qazın ixrac üçün yönəldilməsi mümkün olur. Bu da ölkə iqtisadiyyatı baxımından əlavə dəyər yaradır. Ona görə də günəş enerjisinin iqtisadi səmərəliliyini yalnız elektrik enerjisinin istehsal xərcləri ilə deyil, həm də qənaət olunan yanacağın həcmi və onun alternativ istifadəsi ilə qiymətləndirmək lazımdır. Lakin ilkin investisiyanın yüksək olması səbəbindən hazırda fərdi ev təsərrüfatları və kiçik bizneslər üçün günəş panellərinin quraşdırılması hələ geniş yayılmış praktika deyil", - X.Kərimli sonlandırıb.

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости