"Kabinetimə gəlib ağlayırlar" - Firəngiz Əlizadə
Azərbaycanda bəstəkarlıq ixtisasına maraq azalır, müvafiq fakültələr bağlanır və ya digər fakültələrlə birləşdirilir, gənc bəstəkarlar isə iş tapa bilmir, əsərlərinin ifası və alınması ilə bağlı ciddi problemlərlə üzləşirlər.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə "Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası" mövzusunda ictimai müzakirədə deyib.
O bildirib ki, hazırda ən acınacaqlı vəziyyətdə olan sənət adamları bəstəkarlardır. Onun sözlərinə görə, artıq bəzi diplomlarda belə "bəstəkar" sözü qeyd edilmir, bəstəkarlıq fakültələri isə tədricən bağlanır və ya başqa fakültələrlə birləşdirilir.
Firəngiz Əlizadə qeyd edib ki, bu günlərdə ona akademiyanın bəstəkarlıq fakültəsinin rəhbəri tərəfindən məlumat verilib ki, bir neçə ildir fakültəyə, demək olar, ərizə daxil olmur: "Heç kim bəstəkarlığa qəbul olmaq istəmir. Nə üçün? Ona görə ki, nə bəstəkara qiymət verən var, nə də onun əsərlərini alan".
O, 2007-ci ildən Mədəniyyət Nazirliyinin alqı-satqı komissiyasının üzvü olduğunu diqqətə çatdırıb. Bildirib ki, həmin vaxtdan bəri komissiyanın iclasının keçirilməsindən xəbəri yoxdur və əsərlərin alınması ilə bağlı prosesdə iştirak etməyib: "Bir dəfə də olsun biz yığışmamışıq, mənim xəbərim yoxdur heç nədən və heç bir əsər alınmayıb".
İttifaq sədri gənc bəstəkarların sosial vəziyyətinin də ağır olduğunu vurğulayıb. Onun sözlərinə görə, gənc bəstəkarlar iş və dolanışıq imkanlarının olmamasından şikayət edirlər: "Gəlirlər kabinetimə və ağlayırlar. Deyirlər ki, bizim yaşayışımız yoxdur, bizə iş verilmir".
Firəngiz Əlizadə musiqişünasların işə cəlb olunmasına münasibətdə də fərqli yanaşma olduğunu söyləyib. O bildirib ki, musiqişünaslar əsərlər haqqında yazılar hazırlamaq üçün işə götürülsələr də, bəstəkarlara eyni münasibət göstərilmir: "Musiqişünası götürürlər işə ki, əsər haqqında yazsın, hətta onu şişirtsin. Amma bəstəkarı götürmürlər. Ona görə ki, musiqi heç kimə lazım deyil".
İttifaq sədri Azərbaycanın qazandığı qələbədən sonra bəstəkarların əsərlərinə dəstəyin artacağını, onların alınacağını gözlədiyini, lakin bunun baş vermədiyini deyib. O, keçirilən müsabiqələrdə əsərlərin dinlənilməsinə baxmayaraq, sonradan konsertlərin təşkil olunmadığını, laureat olan bəstəkarların belə əsərlərinin ifa edilmədiyini bildirib.
"Keçirdik, qulaq asdıq, amma konsert olmadı. İnsan öz əsərini yenidən dinləyə bilmir. Əsər müsabiqədə laureat olur, amma ifa edilmir", - deyə Firəngiz Əlizadə qeyd edib.
O, gənc bəstəkarların dirijorlarla əməkdaşlıq etmək imkanlarının da məhdud olduğunu bildirib. Onun sözlərinə görə, dirijorlara yaxınlaşmaq çətinləşib, onların menecerləri var və xaricdə təqdim etdikləri musiqi nümunələri Azərbaycan bəstəkarlarının yaradıcılığı ilə bağlı suallar doğurur.
Firəngiz Əlizadə gənc Azərbaycan dirijorunun İtaliyada fəaliyyət göstərməsinə toxunaraq, həmin ölkədə Azərbaycan simfonik musiqisinin təqdimatı ilə bağlı nümunə gətirib. O bildirib ki, musiqi baxımından zəngin ölkələrdən biri olan İtaliyada Azərbaycan musiqisinin tanıdılması mühüm əhəmiyyət daşıyır. Bununla belə, xaricdə Azərbaycan simfonik musiqisi kimi təqdim edilən əsərlərin müəllifliyi və mənşəyi məsələsinə diqqət yetirilməlidir.
İttifaq sədri özünün şəxsi yaradıcılıq və maddi vəziyyəti ilə bağlı probleminin olmadığını xüsusi vurğulayıb. O bildirib ki, Moskvadan, İtaliyadan, o cümlədən Milandan tanıdığı dirijorlar və musiqişünaslar onunla əlaqə saxlayaraq Azərbaycan musiqisi ilə bağlı suallar verirlər: "Mənə zəng edirlər, soruşurlar: "Sizin başqa musiqiniz yoxdur?" Mən bilmirəm nə cavab verim".
O, gənc dirijorlara Niyazinin fəaliyyətini nümunə götürməyi tövsiyə edib. Bildirib ki, Niyazi öz dövründə Azərbaycan bəstəkarlarının əsərlərinin dünyada tanıdılması üçün mühüm işlər görüb. Buna misal olaraq Qara Qarayevin "Yeddi gözəl" baleti əsasında yazdığı iki süitanın təqdimatını göstərib.
"Balet hələ ortada yox idi, amma Niyazi artıq Qara Qarayevin həmin süitalarını bütün dünyada təqdim etmişdi. Dünya gözləyirdi ki, bu balet nə vaxt səhnəyə qoyulacaq", - deyə Firəngiz Əlizadə xatırladıb.
Onun sözlərinə görə, hazırda bəzi dirijorlar Azərbaycan bəstəkarları ilə əməkdaşlığa maraq göstərmir, onları tanımır və əsərlərinin ifasına lazımi diqqət ayırmırlar. O, bunun, ilk növbədə, gənc bəstəkarların gələcəyinə təsir etdiyini vurğulayıb: "Bu, mənim problemim deyil, bizim gənc bəstəkarların problemidir".
Firəngiz Əlizadə bildirib ki, gənc bəstəkarların bəziləri üçün iş və yaradıcılıq imkanları məhdud olduğu halda, digərləri ümumiyyətlə iş tapa bilmirlər. Onun sözlərinə görə, diplomunda ixtisasının göstərilmədiyini deyən gənc bəstəkarlar gələcəkdə harada çalışacaqlarını bilmirlər.
O, gənc bəstəkarların dolanışıq üçün restoranlarda musiqi ifa etməyə məcbur qaldıqlarını da diqqətə çatdırıb: "Deyir ki, axşam restoranda ifa edirəm, mənə 100 manat verirlər, onun da hamısını ev kirayəsinə ödəyirəm. Nə ailə qura bilirəm, nə də uşağım ola bilər".
İttifaq sədri qeyd edib ki, bu problemlər gələcəkdə demoqrafik və sosial çətinliklərə də səbəb ola bilər. O, çıxışında yalnız bəstəkarların üzləşdiyi vəziyyətdən danışdığını, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri olduğu üçün etdiyini bildirib.
Firəngiz Əlizadə Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışını yüksək qiymətləndirərək, dövlət başçısının mədəniyyət sahəsi üçün yol göstərdiyini deyib. O, forum çərçivəsində öz əsərinin də səsləndirilməsindən qürur duyduğunu bildirib.
"Bu mədəniyyətlərarası dialoqda mənim əsərim ifa olundu. Həyatda olan bəstəkarlar arasında yalnız mənim əsərim səsləndi. İsveçdən gələn ifaçının əsərimi səsləndirməsinə görə təşəkkür edirəm", - deyə o bildirib.
Bununla belə, Firəngiz Əlizadə gənc bəstəkarların vəziyyətinin çox acınacaqlı olduğunu bir daha vurğulayıb. O, çıxışında Polad Bülbüloğlunun bəstəkar kimi fəaliyyətinə toxunaraq, onun Azərbaycan baletlərinin xaricdə başqa xalqların əsərləri kimi təqdim edilməsinə qarşı göstərdiyi müqaviməti xatırladıb.
İttifaq sədri bildirib ki, Azərbaycanla İran arasında bu baxımdan tarixən problemlər yaşanıb və mədəni irsin mənsubiyyəti məsələsi diqqət tələb edir. Bu kontekstdə Nizami Gəncəvinin irsinin təqdimatı ilə bağlı qarşılaşdığı bir hadisəni də danışıb.
Firəngiz Əlizadə Nizami Gəncəviyə həsr olunan "Nizami kosmosu" adlı əsər üzərində çalışdığını və bu əsərin İngiltərədən sifariş edildiyini bildirib. Onun sözlərinə görə, əsərin hazırlanması zamanı xarici tərəfdaşlar ona "Sizin Nizami ilə nə əlaqəniz var?" sualını veriblər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре