https://news.day.az/azerinews/1873843.html Heydər Əliyevin müəllifi olduğu Konstitusiya Azərbaycanın sabit dövlətçiliyə keçidinin simvoludur - Sevil Mikayılova 12 noyabr 1995-ci ildə Azərbaycan xalqı ümumxalq referendumunda müstəqil dövlətin ilk Konstitusiyasını qəbul etdi. O gündən 31 il keçir. Bu müddətdə Ana qanun sadəcə hüquqi sənəd olaraq qalmadı: dövlətin necə qurulduğunu, hakimiyyətin necə bölündüyünü və vətəndaşın hansı hüquqlarla qorunduğunu müəyyən edən sabit təmələ çevrildi.

Heydər Əliyevin müəllifi olduğu Konstitusiya Azərbaycanın sabit dövlətçiliyə keçidinin simvoludur - Sevil Mikayılova

Azərbaycanca, 12 ноября 2026 13:02 (UTC +04:00) 193
Heydər Əliyevin müəllifi olduğu Konstitusiya Azərbaycanın sabit dövlətçiliyə keçidinin simvoludur

12 noyabr 1995-ci ildə Azərbaycan xalqı ümumxalq referendumunda müstəqil dövlətin ilk Konstitusiyasını qəbul etdi. O gündən 31 il keçir. Bu müddətdə Ana qanun sadəcə hüquqi sənəd olaraq qalmadı: dövlətin necə qurulduğunu, hakimiyyətin necə bölündüyünü və vətəndaşın hansı hüquqlarla qorunduğunu müəyyən edən sabit təmələ çevrildi. Konstitusiya Günü təqvimdə adi bir tarix deyil. Bu, xaos və hüquqi qeyri-müəyyənlik dövründən sabit dövlətçiliyə keçidin simvoludur. Ana qanunun memarı Ümummilli Lider Heydər Əliyevdir. Onun siyasi iradəsi ilə hazırlanan sənəd bu gün də dövlət quruculuğunun əsas istiqamətlərini müəyyən edir.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycanın öz Konstitusiyası yox idi. 18 oktyabr 1991-ci ildə qəbul olunan "Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı müstəqilliyin hüquqi əsasını qoymuşdu. Lakin ölkə hələ də sovet dövründən qalma əsas qanunla idarə olunurdu.

"Həmin dövrün mənzərəsi ağır idi: Ermənistanın hərbi təcavüzü və torpaqların işğalı, daxili siyasi qarşıdırmalar və hakimiyyət böhranı, iqtisadi tənəzzül və hüquqi boşluq. Yeni dövlətin müasir, demokratik və milli maraqlara cavab verən hüquqi təmələ ehtiyacı var idi. 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı bu ehtiyacı reallığa çevirdi. Sabitlik bərpa olunduqdan sonra sıra Konstitusiyaya çatdı. Yeni Konstitusiyanın layihəsi Heydər Əliyevin sədrlik etdiyi xüsusi komissiyada hazırlandı. Komissiyaya hüquqşünaslar, alimlər, siyasi və ictimai xadimlər daxil idi. Ümummilli Lider layihənin hər maddəsi üzərində şəxsən işləyir, mübahisəli məqamları açıq müzakirəyə çıxarırdı", - deyə o bildirib.

S.Mikayılova qeyd edib ki, sənədin fərqli cəhəti onun hazırlanma üsulu idi. Layihə mətbuatda dərc olundu və ümumxalq müzakirəsinə verildi. Vətəndaşlardan gələn təkliflər nəzərdən keçirildi, məqbul hesab edilənlər mətnə daxil edildi. Konstitusiya iki mənbəyə söykənirdi: dünya konstitusiya təcrübəsi və Azərbaycanın milli dövlətçilik ənənəsi. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin demokratik idealları da bu sənəddə öz davamını tapdı. 12 noyabr 1995-ci ildə keçirilən referendumda xalq Ana qanuna səs verdi, ilk Konstitusiya beş bölmə, 12 fəsil və 158 maddədən ibarət idi.

"Konstitusiyanın 7-ci maddəsi Azərbaycanı demokratik, hüquqi, dünyəvi və unitar respublika kimi müəyyən edir. Demokratiya,Hüquqi, Dünyəvi, Unitar - bu dörd anlayış dövlət quruculuğunun əsas prinsipləridir:Konstitusiya hakimiyyəti qanunverici, icra və məhkəmə qollarına bölür. Bu bölgü qarşılıqlı nəzarət yaradır və hakimiyyətin bir əldə toplanmasının qarşısını alır. Sənədin mərkəzində isə insan dayanır. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Yaşamaq, mülkiyyət, söz və vicdan azadlığı, təhsil və sosial təminat hüquqları Ana qanunda ayrıca təsbit olunub.

Konstitusiya donmuş mətn deyil. Konstitusiyaya dəyişikliklər yalnız xalqın iradəsi ilə - referendum yolu ilə edilib. Ötən dövlər ərzində keçirilən üç referendum sənədi yeni dövrün tələblərinə uyğunlaşdırdı. Hər dəyişiklik eyni məntiqə tabe olub: dövlət idarəçiliyinin sabitliyini qorumaq və idarəetməni çevikləşdirmək. Təməl prinsiplər - xalq hakimiyyəti, hüququn aliliyi və insan hüquqlarının üstünlüyü - toxunulmaz qalıb", - deyə deputat əlavə edib

S.Mikayılova vurğulayıb ki, Konstitusiyanın 11-ci maddəsi Azərbaycanın ərazisinin vahid, toxunulmaz və bölünməz olduğunu bəyan edir. 1995-ci ildə bu maddə yazılarkən torpaqlarımızın təxminən beşdə biri işğal altında idi. Maddə o vaxt həm hüquqi norma, həm də milli and idi.

"2020-ci ilin 44 günlük Vətən müharibəsi bu andı reallığa çevirdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğala son qoydu. 2023-cü ildə isə dövlət suverenliyi bütün ərazidə tam bərpa olundu. Beləliklə, otuz il əvvəl kağız üzərində yazılan prinsip bu gün xəritədə öz təsdiqini tapıb. Konstitusiyanın bütün maddələri artıq ölkənin bütün ərazisində qüvvədədir.

Otuz bir il əvvəl qəbul olunan Konstitusiya Azərbaycanı xaosdan sabitliyə, sabitlikdən inkişafa apardı. O, dövlətin hüquqi sütünü, vətəndaşın isə qoruyucusu oldu. Konstitusiya Günü bu sənədlə fəxr etmək üçün deyil, onu yaşatmaq üçün bir fürsətdir. Ana qanunun gücü mətnində yox, ona hörmətdədir, hər kəs onun tələblərinə əməl etdikdə, hər vətəndaş öz hüquqlarını bildikdə Konstitusiya həqiqətən yaşayır. Heydər Əliyevin müəllifi olduğu Ana qanun bu gün də müstəqil Azərbaycanın əsas yol xəritəsidir. 12 noyabr isə xalqın öz taleyini qanunla müəyyən etdiyi gün kimi tarixdə qalır", deyə S.Mikayılova vurğulayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости