Gülənin "imperiyası" Azərbaycana qarşı da təhlükə idi...

Day.Az представляет новость на азербайджанском языке

Fətullah Gülənin "imperiya"sı Azərbaycana qarşı da bir təhlükə idi. Çünki dövlətin içində bir-birinə bağlı insanlardan qrup yaradılırdı. Hamımız bilirik ki, F.Gülənin "Hizmət" təşkilatlarında "abi"lər var idi. Bu, İslam dininin əsaslarında qurulmuş ayrıca bir siyasi qurum, struktur idi. Məqsədləri də yavaş-yavaş kadrları hazırlayıb, ölkədə savadlı, bilikli insanları bir yerə toplayıb gələcəkdə dövlət hakimiyyətini ələ keçirmək idi. Türkiyə bunun qarşısını aldı. Amma proses hələ davam edir. Hadisələrin miqyası göstərdi ki, Azərbaycanda da onlarla əlaqəli şəxslər olub və koordinasiya ediliblər.

Bunu Milli.Az-a açıqlamasında "Baku Network" ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov Türkiyədə 15 iyul tarixində dövlət çevrilişinə cəhddən sonra yaranmış vəziyyəti şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, Türkiyədəki dövlət çevrilişinə cəhddən sonra hazırda burada böyük təmizləmə əməliyyatı aparılır: "Bu prosesdə iştirak edən çoxsaylı hərbçilər və onlarla bağlı olanlar, o cümlədən Türkiyədə hər sahədə fəaliyyət göstərən "gülənçilər"ə qarşı kampaniya gedir. Bir neçə gün əvvəl isə İstanbulda böyük mitinq keçirildi. Fətullah Gülənin yaratdığı "imperiya" siyasi xarakter daşıyırdı, heç də biznes layihə deyildi. Onun da, təbii ki, havadarları var idi. Türkiyə rəsmiləri bu havadarlığın haradan qaynaqlandığı barədə dəfələrlə bəyanatlar veriblər".

E.Ələsgərov hesab edir ki, Türkiyə və Azərbaycanı narahat edən başqa məqamlar da var: "FETÖ-çülərin Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısı alınıb. Türkiyənin siyasi partiyaları da bu məsələdə hazırkı iqtidarı, konstutision hakimiyyəti dəstəkləyir, demokratiyaya təhlükə kimi qəbul edilən çevrilişin əleyhinədirlər. Lakin indi əsas narahatedici məsələ bəzi generalların xarici ölkələrə getməsi, Türkiyənin müdafiə və milli təhlüksəziliyi ilə bağlı məxfi məlumatların sızdırılması, bəzi hərbçilərin isə hətta İraqda PKK-ya sığınmasıdır. Bu, faktlar Azərbaycanı da narahat edir. Lakin hüquq-mühafizə orqanları bunun qarşısını almaq üçün lazımi tədbirlər görürlər. Daxildə yaranan stabillik getdikcə Türkiyə diplomatiyasının daha geniş miqyasda fəaliyyətinə və uğur qazanmasına yol açacaq. R.T.Ərdoğanın Sankt-Peterburqda V.Putinlə görüşməsi isə onu deməyə əsas verir ki, Türkiyə əvvəlki mövqelərini bərpa edəcək və onu daha da gücləndirəcək".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.