https://news.day.az/azerinews/1185548.html ABŞ-ın “soyqırım” qərarı hansı fəsadlar yaradacaq? - Şərh

ABŞ-ın “soyqırım” qərarı hansı fəsadlar yaradacaq? - Şərh

Azərbaycanca, 15 декабря 2019 11:55 7 303

Önəmli olan ABŞ Senatının "erməni soyqırımı" qərarına Prezident Donald Trampın hansı reaksiya verməsidir. Çünki Tramp qərara veto qoysa, Türkiyə ilə münasibətlərin mövcud tempdə davam etməsi mümkündür, amma təsdiqləsə, iki ölkə arasında gərginlik artacaq.

Milli.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında QAFSAM-ın sədr müavini, siyasi elmlər fəlsəfə doktoru Nazim Cəfərsoy ABŞ Senatının 1915-ci il hadisələrini "erməni soyqırımı" olaraq xarakterizə edən qanun layihəsini qəbul etməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Trampın "erməni soyqırımı"na veto qoymasını gərəkdirən bir sıra amillər var:

"Bilirik ki, Tramp adətən müxtəlif regional hadisələr səbəbilə Türkiyə ilə əməkdaşlığın davam etdirliməsi tərəfdarıdır. Məsələn, ABŞ İran, Suriya, eləcə də Yaxın Şərqdəki tarazlıqlarla bağlı müxtəlif problemlərlə qarşılaşa bilər. Ona görə də milli təhlükəsizliyi əsas gətirərək qərara veto qoya bilər. Çünki qərar təsdiqlənsə, bu, Türkiyə-ABŞ münasibətlərində çox ciddi narazılıqlara, Rusiya ilə Türkiyə münasibətlərinin dərinləşməsinə səbəb ola bilər. Trampın qərarı təsdiqləməsi, eyni zamanda, Türkiyənin ABŞ-ın qlobal siyasətdəki ən önəmli rəqiblərindən olan Çinlə münasibətlərinə də yeni çalarlar gətirə bilər.

Bu konteksdə ola bilsin, Türkiyə ABŞ-la müxtəlif əməkdaşlıqları əngəlləyəcək addımlar atsın. Məsələn, İŞİD əsas gətirilərək Türkiyənin müxtəlif bölgələrindəki hərbi bazalara yerləşdirilən ABŞ əsgərləri ilə bağlı reaksiyalar arta bilər".

Analitik, həmçinin, Trampın sözügedən qərara veto qoymamasını labüd edən 3 əsas səbəb olduğunu söyləyib:

"Tramp bu qərara ona görə veto qoymaya bilər ki, bu, parlamentin hər iki qanadında mütləq çoxluqla təsdiqlənib. Tramp qərara veto qoysa da, yenidən geri qayıtma ehtimalı var. Bu da seçkiqabağı Trampın nüfuzuna təsir edə bilər.

İkincisi, bu qərara veto qoysa, seçki öncəsi ABŞ-da Trampın erməni diasporundan ala biləcəyi dəstəklə bağlı problemlər çıxa bilər.

Üçüncü səbəb də budur ki, Trampla Ərdoğan görüşməsindən sonra ABŞ-ın Rusiya ilə münasibətlər mövzusunda, xüsusən S-400-lə bağlı müzakirələrdə gözlədiyi nəticə olmayıb. Məhz bu səbəblərdən Tramp Senatın "soyqırım" qərarını təsdiqləyə bilər".

Ekspert "erməni soyqırımı"nın Tramp tərəfindən təsdiqlənməsinin Türkiyəyə vura biləcəyi zərərlərdən də bəhs edib:

"Nəzərə almaq lazımdır ki, qlobal siyasətin ən önəmli aktoru olan ABŞ Türkiyəni dünyanın ən böyük cinayəti ilə - soyqırımla ittiham edir. Bu, Türkiyənin ABŞ-la münasibətlərində ciddi problemlər yaradacaq. Türkiyənin ABŞ-la münasibətlərində soyqırım əngəli həm ikili münasibətlər konteksində, həm də ABŞ-la müəyyən regional və ya qlobal layihələrdə əməkdaşlıq məsələlərində risklər yaradır. Bu, eyni zamanda Türkiyə-ABŞ münasibətlərində psixoloji vəziyyətə də təsir göstərəcək. Digər tərəfdən ABŞ-ın Türkiyəni soyqırımda ittiham etməsi dominant vəziyyət yarada bilər. Başqa ölkələr də Türkiyənin əleyhinə qərar verə, erməni diasporunun bu istiqamətdəki fəallığını artıra bilərlər.

Bundan əlavə, gələcəkdə Türkiyə ABŞ-dan silah almaq istəsə, bu zaman erməni diasporu, eləcə də ABŞ-dakı ermənipərəst senatorlar "soyqırım törədən bir ölkə" olduğunu əsas gətirərək, bunun qarşısını almağa çalışacaqlar.

Münasibətlərin korlanması F-35 məsələsinin dəqiqləşməsi, Türkiyənin yeni soyqırımlarla ittiham etmək perspektivlərini də gündəmə gətirə bilər".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей
Ещё новости