APEPEA yüksək balla Baytarlıq təbabəti fakültəsini seçmiş gəncə təqaüd ayırıb - FOTO
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) Azərbaycanda baytarlıq sahəsində təhsilin inkişafını ölkəmiz üçün zəruri və faydalı hesab edir.
Keyfiyyətli baytarlıq xidməti qurulmadan heyvandarlıq və quşçuluq sahəsinin yüksək nəticələr əldə etməsi mümkün deyil. Bu prinsipdən çıxış edərək ölkəmizin ali məktəblərinə bu il keçirilən qəbul imtahanında 617 bal toplayaraq gələcək peşəsi kimi baytarlığı seçən Xaliq Zeynallıya dəstək olmaq qərarına gəlinib.
Uğurlu bir başlanğıca qədəm qoyan Xaliq Zeynallı ilə keçirilən görüşdə APEPEA-nın İdarə Heyətinin sədri Mürvət Həsənli gəncin yüksək nəticə göstərərək şüurlu şəkildə baytarlıq ixtisasını seçməsini təqdirəlayiq addım kimi qiymətləndirib, aqrar sektorun inkişafında peşəkar baytar mütəxəssislərin rolundan danışıb.
Görüş zamanı Mürvət Həsənli APEPEA və "Agro Dairy" şirkəti adından Xaliq Zeynallıya təhsilinə və gələcək peşəkar inkişafına dəstək məqsədilə aylıq 300 manat məbləğində təqaüd ayrıldığını bildirib və tələbəyə təqaüd sertifikatını təqdim edib.
Mürvət Həsənli bildirib ki, yüksək nəticə göstərən gənclərin baytarlıq və ümumilikdə aqrar ixtisaslara maraq göstərməsi sektorun gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır: "Xaliqin 617 bal toplayaraq məhz baytarlıq ixtisasını seçməsi sevindirici nümunədir. Bu sahənin inkişafı üçün savadlı, peşəkar və motivasiyalı gənclərə ehtiyac var. APEPEA olaraq belə gənclərin yanında olmağı və onların peşəkar inkişafına dəstək göstərməyi vacib hesab edirik".
APEPEA sədri qeyd edib ki, baytarlıq yalnız heyvan sağlamlığının qorunması deyil, eyni zamanda heyvandarlığın inkişafı, məhsuldarlığın yüksəldilməsi və qida təhlükəsizliyinin təmin olunması baxımından strateji əhəmiyyət daşıyan sahədir.
Assosiasiya gələcəkdə də baytarlıq sahəsinə marağın artırılması, gənc mütəxəssislərin inkişafının təşviqi və sektorla təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verməyi hədəfləyir.
"Agro Dairy" şirkətinin İdarə Heyətinin sədri Niyazi Əmirbəyov çıxışında X.Zeynallıya dəstək olmaq qərarının həm də Azərbaycan gənclərini bu sahəyə yönəlməyə stimullaşdırmaq məqsədi daşıdığını bildirib. O, qeyd edib ki, X.Zeynallı təhsilini uğurla başa vurduqdan sonra işləmək üçün "Agro Dairy"ni seçərsə, peşman olmaz.
Xəzər Universitetinin rektoru Dr. Razia İsaeva Azərbaycanda təhsilə, təhsil alan gənclərə dəstək olanların dövlətimiz üçün böyük iş gördüklərini bildirib. O, APEPEA və "Agro Dairy" şirkətinə gənc tələbəyə dəstəklərinə görə təşəkkürlərini bildirib, Xəzər Universitetinin Baytarlıq təbabəti fakültəsinin inkişaf etdirilməsi üçün planlardan danışıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре