Finlandiyanın paytaxtı Helsinki şəhərində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş "30 ilin göz yaşı" adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Skandinaviya Azərbaycanlılarının Finlandiya üzrə Koordinasiya Şurasının əlaqələndiricisi və Azər-Türk Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə reallaşan anım tədbirində Azərbaycanın İsveçdəki və eyni zamanda Finlandiyadakı Səfirliyinin müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə, Finlandiya Xarici İşlər nazirliyinin əməkdaşları, yerli ictimaiyyət, türk və Azərbaycan diaspor nümayəndələri iştirak ediblər.

Tədbirin təşkilatçısı Skandinaviya Azərbaycanlılarının Finlandiya üzrə Koordinasiya şurasının əlaqələndiricisi Ülviyyə Cabbarova çıxış edərək, tarixi faktlar əsasında 20 Yanvar faciəsi haqda məlumat verib. O bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərinə daxil olaraq müstəqil dövlət yaratmaq və öz azadlığını əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Ülviyyə Cabbarova bildirib ki, həmin günlər keçmiş Sovet İttifaqının qoşun hissələri, fövqəladə vəziyyət elan edilmədən Azərbaycan ərazisinə yeridilib və dinc əhaliyə qarşı kütləvi qətllər və misli olmayan qəddarlıqla müşayiət olunan xüsusi hərbi əməliyyat həyata keçirib. Baş verən cinayətin miqyasından söz açan diaspor fəalı deyib, nəticədə Bakıda və Azərbaycanın rayonlarında 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətin, əslində bəşəriyyətə, insanlığa qarşı həyata keçirilmiş qəddar və qanlı siyasi-hərbi akt olduğunu bildirən Ülviyyə Cabbarova, baş verənlərin nəticəsində insan hüquqlarına dair bir çox beynəlxalq qanun və razılaşmaların, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələblərinin kobudcasına pozduğunu qeyd edib. Vurğulayıb ki, məhz bunları nəzərə alaraq dünya ictimaiyyəti baş verənlərlə bağlı öz rəyini bildirməli, qanlı cinayəti qəti şəkildə pisləməlidir.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının İsveçdə və eyni zamanda Finlandiyadakı səfirliyinin müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə 20 Yanvar faciəsinin ölkəmizin tarixində ağrılı bir hadisə olduğunu diqqətə çatdırıb. Qanlı Yanvar hadisələrinin Azərbaycan xalqının milli mücadilə tarixindəki mühüm rolundan söz açan müvəqqəti işlər vəkili, o vaxt baş verənlərin xalqımızın müstəqillik və ədalət istəyini dayandırmaq istəyən Sovet hökumətinin qəddar planının tərkib hissəsi olduğunu qeyd edib. Həmin gün ilə bağlı şəxsi xatirələrini bölüşən Günəş Rüstəmzadə bildirib ki, 1990-ci ilin 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi xalqın müstəqillik uğrunda mübarizə əzmini qıra bilməyib.

Bildirib ki, o günlər əliyalın insanlara qarşı törədilmiş cinayətləri ört-basdır etmək məqsədilə SSRİ bütün vasitələrdən istifadə edib. Bu günlərdə Azərbaycanın informasiya blokadasına alındığı bir zamanda, Moskvada yaşayan ulu öndər Heydər Əliyevin öz həyatını təhlükəyə ataraq xalqın səsini dünyaya çatdırdığını, Sovet qoşunlarının Azərbaycandan çıxarılmasını tələb etdiyini bildirən Günəş Rüstəmzadə, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi və faciənin günahkarlarının müəyyən edilərək ictimaiyyətə açıqlanmasının da məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu xatırladıb.

Azərbaycan xalqının milli mübarizəmizin şanlı səhifəsi olan 20 Yanvar hadisələrinin heç zaman unudulmayacağını söyləyən müvəqqəti işlər vəkili, bu gün də dövlətimizi və vətənimizi qorumaq üçün Ali Baş Komandan Prezident İlham Əliyevin bir çağırışı ilə silaha sarılmağa, bu müqəddəs amal uğrunda can verməyə hazır olduğunu qeyd edib.

Daha sonra anım mərasimində 20 Yanvar faciəsini özündə əks etdirən qısa film nümayiş olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.