Həmsədrlər işğalçının arxayınlaşaraq daha böyük təhlükəyə çevrilməsinə zəmin yaradırlar

Dünən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutub. Azərbaycan silahlı qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb. Ermənistan tərəfindən Azərbaycan-Ermənistan sərhədində artilleriya qurğularından istifadə edərək Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum edilməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır.

"Biz ATƏT-in Minsk qrupu həmsədrlərini, beynəlxalq təşkilatları işğalçı Ermənistanın təxribatlarına sərt reaksiya verməyə çağırırıq. İkili standartlara son qoysunlar!"

Day.Az Trend-ə istinadən verdiyi məlumata görə, bu sözləri millət vəkili Tamam Cəfərova söyləyib.

Millət vəkili bildirib ki, Azərbaycan sərhədində baş verən bu təxribatın əsas səbəbi ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətsizliyi, öz vəzifələrinin öhdəsindən gələ biməməsi və ya gəlmək istəməməsidir. Məhz həmsədrlərin işğalçını indiyə kimi öz adıyla adlandırmaması, onun mövqeyini tənqid etməkdən, ona təzyiq göstərməkdən çəkinməsi, işğalçının beynəlxalq hüquq normalarına zidd hərəkətlərinə adekvat cavab verilməməsi və Ermənistanın təxribatçı davranışlarına seyrçi mövqedə qalması işğalçının arxayınlaşaraq daha böyük təhlükəyə çevrilməsinə zəmin yaratmışdır. Əslində, məhz bu təxribatçı addımlarla bağlı Ermənistana vaxtında xəbərdarlıq olunmalı, işğalçı bu təxribatına görə cavabdehlik daşıdığını dərk etməli idi.

Təsadüfi deyildir ki, Prezident İlham Əliyev Bakının Xətai rayonunda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalın açılışında yerli TV kanallarına verdiyi geniş müsahibəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini şərh edərkən qeyd etdi ki, "bu gün faktiki olaraq danışıqlar prosesi getmir, vasitəçilik missiyasını yerinə yetirməli olan ATƏT-in Minsk qrupu öz vəzifəsinin öhdəsindən gələ bilmir: "O ki qaldı, Minsk qrupunun bəyanatına, biz bunlardan başqa bəyanatlar, konkret bəyanatlar gözləyirik və onu eşitmək istəyirik. Ermənistanın baş naziri deyir "Qarabağ Ermənistandır". Buna mən cavab verirəm və lazımi cavab verirəm. Amma Minsk qrupu niyə buna cavab vermir? Niyə cavab vermir ki, bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk qrupunun həmsədrləri buna adekvat reaksiya veriblər? Verməyiblər! Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. Buna adekvat cavab verilir? Verilmir! Bəli, bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verilir. Axı, o dövr keçibdir. Biz aydınlıq tələb edirik".

Hazırki dönəmdə, ATƏT-in Minsk Qrupu, özəlliklə, həmsədr ölkələr Ermənistanın təxribatlarına rəsmi münasibət bildirməli, işğalçı ölkənin atəşkəsi pozmaq cəhdlərini qınamalıdır. Nəzərə alsaq ki indi dünya birliyi koronavirusla mübarizə aparır, Ermənistan rəhbərliyinin öz xislətinə uyğun şəkildə belə bir məqamı fürsət bilib, yeni ərazilər əldə etmə cəhdi beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət almalıdır. Hadisələrin bütün məsuliyyəti Ermənistan tərəfinin üzərindədir. Rəsmi Bakı haqlı olaraq ATƏT-in Minsk Qrupunun həmsədrlərindən daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir.

Tamam Cəfərova vurğuladı ki, "Cənab Prezident öz müsahibəsində açıq şəkildə bəyan etdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyi tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanır. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. Azərbaycan öz mövqeyində möhkəm dayanıb və haqlı olduğunu dəfələrlə beynəlxalq arenalarda və döyüş meydanında göstərib. Bu mənada cənab Prezidentin "Heç kimin Aprel döyüşləri yadından çıxmasın!" bəyanatı işğalçı Ermənisatana və fəaliyyətsiz beynəlxalq dairələrə ciddi mesaj sayılmalıdır. ATƏT-in Minsk Qrupu həmsədrləri ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar verməli, işğalçı Ermənistanın təxribatlarının qarşısını almalı, danışıqlar prosesini konstruktiv məcraya yönəltməlidir. Əks halda, Azərbaycan BMT-nin Nizamnaməsində nəzərdə tutulan hüququna əsaslanaraq torpaqlarını hərb yolu ilə işğaldan azad edəcək".

Dünən Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücumunun cavab atəşilə qarşısının alınması Azərbaycan Ordusunun gücünü bir daha göstərdi.