Vətən müharibəsində dünyaya sübut edə bildik ki, bizim min illik hərb tariximiz var

Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 104 illiyinə həsr edilmiş tədbirdə Azərbaycan Müdafiə Nazirliyinin idarə və müəssisələrinin, hərbi hissələrinin nümayəndələri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.

Tədbirdə iştirak edənlər Azərbaycan Silahlı Qüvvələrinin inkişafından və Azərbaycan Ordusunun 44 günlük müharibədə Prezident, Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında 30 il işğalda olan torpaqlarımızı erməni tapdağından necə azad etdiklərindən söz açıblar.

Azərbaycan Silahlı qüvvələrinin mayoru Seymur Salamov Trend-ə bildirib ki, Ali Baş Komandan Cənab İlham Əliyevin başçılığı altında düşmənə qalib gələ bilərik. 2020-ci il 44 günlük müharibədə düşmən üzərində qazandığımız uğur bunun göstəricisidir.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan giziri Bəhram Əhmədov isə Trend-ə bildirib ki, ordumuz imtahanını müharibə ilə verdi: "Azərbaycan Ordusu bu imtahandan uğurla çıxdı. Bu da onu göstərir ki, ordu quruculuğumuz düzgün aparılıb. Biz 44 günlük Vətən müharibəsində dünyaya sübut edə bildik ki, bizim min illik hərb tariximiz var. Ordumuz bundan sonra da lazımi anda sözünü deməyə hazırdır".

Azərbaycan Silahlı qüvvələrinin mayoru Məmmədov Həmid Trend-ə bildirib ki, 30 ildə güclü ordumuz yetişmişdir. "Biz çox şadıq ki, qarşımıza qoyulan çətin tapşırığı yerinə yetirdik", - o bildirib.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan kapitanı Məlikov Famil Trend-ə bildirib ki, "dəmir yumruq" daim yerindədir. Düşmən tərəfindən yenidən hər hansı kiçik həmlə olarsa, dərhal məhv ediləcək.

Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenatı Əsgərov Zaur Trend-ə bildirib ki, müharibə zamanı qoşunlarımız ən müasir rabitə qurğularıyla təmin olunmuşdur. Qoşunlarımız arasında düzgün rabitənin qurulması 44 günlük zəfərimizdə böyük rol oynamışdır.