Vyanada Azərbaycan-Avstriya iqtisadi əlaqələrinin tarixinə dair məruzə təşkil edilib

Sentyabrın 22-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan və Avstriya arasında iqtisadi əlaqələrin tarixinə həsr olunmuş məruzə axşamı təşkil olunub.

Day.Az xəbər verir ki, tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Avstriya ictimaiyyətinin nümayəndələri və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova iki ölkə arasında mədəni və iqtisadi əlaqələrin tarixinə toxunub və bildirib ki, Azərbaycan Mədəniyyət Mərkəzi mütəmadi olaraq hər iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin tarixinə dair məruzələr təşkil edir, eləcə də gənc sənətçilərin bir araya gəldiyi mədəni tədbirlərə geniş yer verir. Qeyd edilib ki, iki ölkə arasında əlaqələrin tarixində iz buraxmış şəxslər arasında baron Alfred fon Vakanonun da adı var.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli Azərbaycan və Avstriya arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyinin qeyd edildiyi 2022-ci ildə qarşılıqlı əlaqələrin müxtəlif aspektlərinə həsr olunmuş tədbirləri yüksək qiymətləndirib. O bildirib ki, iki ölkə arasında əlaqələrin tarixi 15-ci əsrə gedib çatır, həmin dövrdə - 1473-cü ildə kayzer III Fridrix öz elçilərini Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayına göndərir, onların arasında diplomatik yazışmalar baş tutur. Bu əlaqələrin sonrakı əsrlərdə davam etdirildiyini və 19-cu əsrin sonunda Avstriya-Macarıstan imperiyasının Bakıda fəxri konsulluğunun açıldığını diqqətə çatdıran səfir müstəqillik dövründə münasibətlərin sıx inkişafına yeni imkanlar açıldığını bildirib. Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Avstriyaya, eləcə də Avstriya Prezidenti Haynts Fişerin Azərbaycana səfərləri ilə bu əlaqələrin daha da möhkəmləndiyi, mədəni, iqtisadi, kənd təsərrüfatı, sosial-humanitar və digər sahələri əhatə etdiyi diqqətə çatdırılıb.

Sonra tanınmış aparıcı, "Bakının sirləri" verilişinin müəllifi və aparıcı, şərqşünas və araşdırıcı Fuad Axundov baron Alfred fon Vakano (1846-1929) barədə məruzə ilə çıxış edib. İlk növbədə, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlində neft bumu sayəsində Bakıda baş vermiş sürətli inkişafdan bəhs edən F.Axundov burada əhali sayının artmasının, sənaye və mədəniyyət mərkəzinə çevrilməsinin bu şəhərə iqtisadi marağın artması ilə nəticələndiyini vurğulayıb. Həmin dövrdə çar Rusiyasının Samara şəhərində pivə zavodlarına malik avstriyalı iş adamı baron Alfred fon Vakano öz pivə imperiyasının genişləndirilməsi çərçivəsində Bakıya xüsusi diqqət ayırır. Bu günə kimi də məşhurluğunu itirməyən "Jiquli" pivəsinin bir brend kimi əsasını qoyan A. fon Vakano Samara şəhəri ilə yanaşı müxtəlif regionlarda pivə zavodları açır, eləcə də işçilərin sosial təminatını yaxşılaşdırmaq üçün xəstəxana, məktəb, elektrik stansiyaları qurur. Onun 1908-ci ildə Bakıda indiki Zığ qəsəbəsində açılan pivə zavodu öz dövrü üçün Rusiya imperiyasının ən müasir müəssisəsi hesab edilirdi. A. fon Vakano bu müəssisədə istehsal olunmuş məhsulların daşınması üçün at arabaları, vaqonlar, kiçik gəmilərə sahib idi və geniş şəbəkə vasitəsilə imperiyanın ucqarlarına kimi məhsul göndərə bilirdi. Alfred fon Vakanonun mülkiyyəti sovet dövründə müsadirə edildikdən sonra da Bakıdakı zavod 1978-ci ilədək fəaliyyətini davam etdirmişdir.

Tədbirdə iştirak edən Alfred fon Vakanonun nəticəsi Vilhelm Lovrek göstərilən diqqətə görə təşəkkür edib, ulu babasının işgüzar və xeyriyyəçilik fəaliyyəti barədə danışıb.