İtirilmiş əşya tapdığınız zaman bunu etməlisiniz
İtirilmiş əşyanı tapan şəxs Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 186.1-ci maddəsinə əsasən, əşyanı itirmiş şəxsə, onun mülkiyyətçisinə və ya səlahiyyətli şəxsə dərhal məlumat verməli və tapılmış əşyanı həmin şəxsə təhvil verməlidir. Mülkiyyətçinin və ya səlahiyyətli şəxsin kimliyi məlum olmadıqda isə tapıntı barədə dərhal polisə məlumat verilməli və əşya polisə təhvil verilməlidir. Əşyanı tapan şəxsin bu öhdəliyi yerinə yetirmədən tapıntını özündə saxlaması və ya gizlətməsi qanunvericiliklə müəyyən edilmiş məsuliyyət yarada bilər.
Mülkiyyətçi və ya digər səlahiyyətli şəxs müəyyən edilmədikdə, tapan şəxsin tapıntı barədə məlumat verdiyi gündən etibarən bir il müddət keçdikdən sonra, qanunda nəzərdə tutulmuş istisnalar nəzərə alınmaqla, həmin əşyaya mülkiyyət hüququ əldə etməsi mümkündür. Əşyanı tapan şəxs tapıntını qəbul edən səlahiyyətli şəxsdən əşyanın dəyərinin beş faizinədək məbləğdə bəxşiş və əşyanın saxlanması ilə bağlı çəkdiyi xərclərin əvəzini tələb edə bilər. Lakin tapan şəxs tapıntı barədə məlumat verməyibsə və ya onu gizlətməyə cəhd göstəribsə, bəxşiş tələb etmək hüququ yaranmır.
Tapılmış əşyanın mənimsənilməsi isə konkret hallardan asılı olaraq inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilər. Əşyanın gizli olaraq talanması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə nəzərdə tutulan oğurluq kimi qiymətləndirilə bilər. Əməlin cinayət məsuliyyəti yaratmadığı hallarda isə, əmlakın xırda talanması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyətə səbəb ola bilər. Buna görə də tapılmış əşyanın hüquqi sahibinə qaytarılması və ya müəyyən edilmiş qaydada polisə təhvil verilməsi qanunvericiliyin tələblərinə uyğun davranış hesab olunur.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре