Moskva görüşü niyə nəticəsiz başa çatdı?

Müəllif: Elvin Səxavətoğlu

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskvada keçirilən görüşündə sülh prosesinə ciddi təsir edəcək hər hansı qərar qəbul edilməyib. Heç birgə bəyanat belə səsləndirilməyib. Amma Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, bir həftədən sonra Moskvada baş nazirlərin müavinləri görüşəcək. Əsas müzakirə mövzusu isə sərhəd və gömrük nəzarətinin necə aparılması ilə bağlı olacaq.

Görüşdən əvvəl isə Rusiya və Ermənistan mediası Moskvada bir neçə sənədin imzalanacağı barədə xəbərlər tirajlamışdı. Sonra isə iddia olundu ki, toplantı cəmi 20 dəqiqə çəkib və əvvəlcədən planlaşdırılan sazişlərin heç biri imzalanmayıb.

Bəs, görüşün gedişinə nə təsir edə bilər?

Məlumdur ki, Paşinyan iclasdakı çıxışında "Zəngəzur dəhlizi" ifadəsini "ərazi iddiaları" adlandırıb, həmçinin Laçın yolunun Azərbaycan tərəfindən bağlandığını iddia edib.

Prezident İlham Əliyev isə Nikol Paşinyanın iddialarını cavabsız qoymayıb.

Sitat:"Əlbəttə, mən burada diskusiya açmaq istəmirəm. Amma bizim Ermənistana qarşı ərazi iddialarımızın olması səsləndi. Demək istəyirəm ki, belə bir iddiamız yoxdur. Doğrudan da, zəngin fantaziyaya sahib olmalısan ki, mənim sözlərimdə bu ifadələri tapasan. Mən dəhliz sözündən istifadə etdim. Dəhliz sözü heç kimin ərazisinə bais olmaq kimi niyyəti özündə ehtiva etmir. Düşünürəm ki, beynəlxalq terminalogiyada bu söz istifadə olunursa, o sözə həmin o Ermənistan Baş nazirinin qoyduğu mənanı hər halda daxil etməyiblər. Düşünürəm ki, Vladimir Putinin də dediyi kimi, bu gün sülh sazişinin imzalanması üçün şərait var. Onu da nəzərə alaq ki, Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi artıq tanıyıb".

Ölkə başçısı Laçın yolunun bağlı olmadığını və Xankəndidə yaşayan ermənilərin yoldan rahat şəkildə istifadə etdiyini deyib.

Erməni baş nazirin ikibaşlı bəyanatları

Paşinyanın görüşdən bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında verdiyi müsbət mesajlarla, Moskvada səsləndirdiyi iddialar arasında ciddi ziddiyyətlər var.

Erməni baş nazir mətbuat konfransında Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bəyan etmişdi: "Ermənistan Qarabağdakı erməni əhalinin güvənliyinin təmin edilməsi şərti ilə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırdır. 86 600 kv. km Azərbaycanın Ermənistan tərəfindən tanınan ərazisinə Qarabağ ərazisi daxildir".

Amma Paşinyan Ali Avrasiya İqtisadi Şurasının iclasında Azərbaycan Prezidenti ilə dialoqunda "Qarabağı Azərbaycan ərazisi kimi tanıyırıq" bəyanatına zidd fikirlər səsləndirib.

Paşinyan Azərbaycanın suveren ərazisində qurduğu nəzarət-buraxılış məntəqəsini gündəmə gətirməklə, həmçinin Laçın yolunun "bloklandığını" deməklə ölkəmizə qarşı ərazi iddialarından əl çəkmədiyini bir daha təsdiqləmiş oldu.

Necə olur ki, Azərbaycan tərəfinin istifadə etdiyi "Zəngəzur dəhlizi" ifadəsi ərazi iddiası sayılır, amma Ermənistan tərəfinin istifadə etdiyi "Laçın dəhlizi" ifadəsi yox?

Rəsmi Bakı tərəfi dəfələrlə bəyan edib ki, Qarabağda baş verən proseslər Azərbaycanın daxili işidir. Buna baxmayaraq, Ermənistan tərəfi əksər beynəlxalq platformalarda Qarabağla bağlı məsələləri gündəmə gətirir. Bu isə ərazi iddiasının davam etdiyi anlamına gəlir.

Ermənistanın bu məsələdə iki hədəfi var:

1. İrəvan Bakıya qarşı ərazi iddialarını davam etdirməklə yekun sülh müqaviləsində Qarabağla bağlı hər hansı güzəşt əldə etməyi hədəfləyir. Amma Azərbaycan Qarabağla bağlı heç bir güzəştə getməyəcək. Ermənistan iddialarını davam etdirdiyi müddətdə də sülh müqaviləsi imzalanmayacaq;

2. Erməni baş nazir Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətindən narazıdır və bunu Prezident Vladimir Putinin olduğu iclasda açıq şəkildə ifadə edir. Paşinyanın sözlərindən belə anlaşılır ki, sülhməramlılar Laçın yolunun təhlükəsizliyinə təminat verə bilmir. Ona görə də bölgəyə beynəlxalq faktaraşdırıcı missiya gəlməlidir. Paşinyan Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin də beynəlxalq mexanizmlə təsbit olunmasını istəyir. Onun nəzərində faktaraşdırıcı missiyanın və beynəlxalq mexanizmin tərkibi mütləq Qərb qüvvələrindən, onların təkliflərindən ibarət olmalıdır. Bu isə nə Azərbaycanın, nə də Rusiyanın maraqlarına uyğun deyil. Ümumiyyətlə rəsmi Bakı ərazisində hər hansı beynəlxalq qüvvənin fəaliyyətinə razılıq vermir.  

Ehtimal etmək olar ki, üçtərəfli görüşdə nəticəsinin əldə olunmamasının səbəblərindən biri  Ermənistanın baş naziri Nikol Paşinyanın Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi iddialardır.

Paşinyanın görüşə hazırlıqlı gəldiyi, prosesi qəsdən pozduğu aydındır. Ermənistan tərəfinin belə ziddiyyətli fikirlər səsləndirdiyi görüşdə sülh müqaviləsinin imzalanması ilə bağlı hansı irəliləyiş ola bilər? 

Ola bilsin, Moskva üçtərəfli görüşdə hər hansı nəticənin əldə olunacağını gözləyirdi. Çox ehtimal ki, Paşinyanın Azərbaycana qarşı səsləndirdiyi iddialar Vladimir Putin üçün də gözlənilməz oldu. Bu gözlənilməzlik Putinin simasında da öz əksini tapırdı. 

Ümumilikdə proseslər göstərir ki, Nikol Paşinyan həm Qərb masasının, həm də Rusiya masasının gündəliyinə uyğun oyun qurur. Qərb masasında Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsini, Rusiya masasında isə Laçın yolundakı ümumi vəziyyəti, sülhməramlıların fəaliyyətsizliyini gündəmə gətirməklə sülh müqaviləsinin imzalanmasını uzadır.