Böyük Qayıdışın Xocalı qüruru

Müəllif: Elvin Səxavətoğlu

Azərbaycan xalqı üçün işğaldan azad olunmuş ərazilərin hər qarışı əzizdir. Amma xalqımız üçün   Xocalı şəhərinin işğaldan azad olunması və artıq yerli sakinlərin şəhərə köçürülməsinin xüsusi anlamı var. Çünki xalqımızın faciəli günlərinin əsas hissəsi Xocalı ilə bağlıdır. Xocalı Azərbaycan xalqının qan yaddaşıdır.

Artıq Prezident İlham Əliyevin rəhbərliyi altında Xocalı şəhəri yenidən qurulur, gözəlləşir və orada həyat yenidən canlanır.

Ölkə başçısı Müstəqillik Günü Xocalıya səfər edib və yerli sakinlərlə görüşüb, onlara mənzillərinin açarlarını təqdim edib.

Prezident İlham Əliyev Xocalı şəhərinə köçən sakinlərlə görüşü zamanı Azərbaycan xalqının başına birdə belə bir faciənin gəlməyəcəyini deyib.

"Bu gün hərbçilər üçün inşa edilmiş evlərlə də tanış oldum. Bütün Qarabağ və Şərqi Zəngəzur çox möhkəm bir istehkam zonası olacaq və burada artıq bu istiqamətdə işlər görülür ki, Azərbaycan xalqı əbədi əmin olsun, bir daha bu faciələr bizim xalqımızın başına gəlməyəcək".

Prezident ilk dəfə deyil ki, xüsusi günləri işğaldan azad olunmuş ərazilərdə keçirir. Ölkə başçısı iki il əvvəl Müstəqillik günündə Ağalıda, ötən il Laçında, bu il isə Xocalıda keçirib.

Xüsusilə Xocalı şəhəri işğal dövründə ermənilərin və havadarlarının törətdiyi vəhşiliklərə, böyük məhrumiyyətlərə, dinc və silahsız sakinlərin işgəncə və soyqırımına məruz qalıb.

Prezident İlham Əliyev də şəhərə köçən sakinlərlə söhbəti zamanı erməni vəhşiliyindən danışıb. Ölkə başçısı bildirb ki, fevralın 26-da Xocalıda xocalılılarla bərabər Xocalı Memorial Kompleksinin təməli qoyulub.

"Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın".

Prezident Xocalıda memorial kompleksin yaradılmasını həmişə istədiyini bildirib. O, Bakıda "Ana fəryadı" abidəsi yanında bu məqsədlə yer seçildiyini, hətta layihə hazırlandığını da söyləyib: "Ancaq hər il mən son təsdiqimi vermirdim. Çünki ürəyimdə saxlayırdım ki, bu memorial kompleks Xocalıda yaradılmalıdır və belə də oldu. Həmin o layihəni biz gətirdik".

Bu məqam bir daha göstərir ki, Prezident İlham Əliyev Xocalının, Şuşanın və digər rayonların işğaldan azad olunacağına əmin idi, işğala son qoymaq üçün sistemli iş aparırdı.