Xəzərdə su səviyyəsinin azalmasının qarşısını almaq üçün yollar axtarmalıyıq

Xəzər dənizində su səviyyəsi getdikcə azalır. Bunun qarşısını almaq üçün yollar axtarmalıyıq.

Day.Az xəbər verir ki, bu barədə Bakı Limanının Əməliyyatlar üzrə baş direktoru Eugene Seah Bakıda İqlim Fəaliyyəti Həftəsinin (Baku Climate Action Week) ikinci günündə çıxışı zamanı deyib.

O qeyd edib ki, artan temperatur bu regiona da təsirsiz ötüşmür.

"Eyni zamanda, Aral dənizi tamamilə quruyub, səhra olub. Bu isə su mənbələrinin azalması deməkdir. Biz bunun qarşısını almaq üçün nə edə bilərik? Biz çalışırıq ki, iqlim dəyişikliyi risklərini azaldaq. Bununla bağlı müəyyən tədbirlər həyata keçiririk.

Bu işə müxtəlif maraqlı tərəfləri cəlb edirik və karbon emissiyasını azaltmağa çalışırıq. Bərpaolunan enerjini təmin edən şirkətlərlə əməkdaşlıq edirik və o şirkətlərdən alternativ enerji mənbələri (günəş, külək panelləri - red.) alırıq", - deyə o bildirib.

Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4 oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.

Bu tədbir noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlim gündəliyinin əsasını qoyacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyət və KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir araya toplayacaq.

Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər və urbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kənd təsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşıl bacarıqlar" olacaq.

Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlət qurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlim həllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm, təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.