Şuşada İslam dünyasının “Gənclər Paytaxtı”nın bağlanış mərasimi keçirilib

Şuşa şəhərində İslam dünyasının "Gənclər Paytaxtı"nın bağlanış mərasimi keçirilib.

Day.Az xəbər verir ki, tədbirdə İƏT-ə üzv və müşahidəçi ölkələrin 300-ə yaxın rəsmi nümayəndəsi, gənclər və könüllülər iştirak edir.

Gənclər və idman nazirinin müşaviri Ramil Cabbarov tədbirin əhəmiyyəti və Şuşanın tarixi haqqında məlumat verib:

 

"Sizləri İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun və Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən "Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı"nın bağlanış mərasiminin salamlama tədbirində görməkdən qürur duyuruq. İslam ölkələrinin gənclərinin Azərbaycana səfəri dekabrın 1-6-sı tarixlərini əhatə edəcək".

Həmçinin, Şuşa şəhərində "Şuşa Beynəlxalq Gənclər Festivalı", "Şuşa yaradıcılıq emalatxanası", "İslam dünyası gənc klassik musiqi ifaçılarının Beynəlxalq Festival- Müsabiqəsi", "Yaradıcılıq marafonu", "Oyun texnologiyaları mövzusunda sammit-G-Hub", "SİNA - İslam ölkələrinin gənc alimlərinin forumu", "İƏT ölkələrinin Gənclər Təşkilatlarının Forumu" təşkil olunacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev 17 aprel 2024-cü il tarixində "Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.