Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı məlum olub

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyulun 15-də davam etdirilib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Ardınca təqsirləndirilən Ruben Vardanyan məhkəməyə bir neçə vəsatət təqdim edib. Deyib ki, müdafiə tərəfi bundan əvvəl iclas protokolları ilə tanış olmaq üçün ərizə ilə müraciət edib. O xahiş edib ki, vəkili Avram Bermana onun iştirakı olmadan da iclas protokolları ilə tanış olmasına şərait yaradılsın.

İclasa sədrlik edən hakim Zeynal Ağayev bildirib ki, vəsatət təmin olunur. Bu, təqsirləndirilənin hüququdur. Təqsirləndirilən Ruben Vardanyana və onun vəkili Avram Bermana iclas protokolları ilə tanış olmaq üçün daim şərait yaradılıb və bundan sonra yaradılacaq.

Sonra Ruben Vardanyan bütün məhkəmə iclaslarından əvvəl ona vəkili ilə konfidensial görüşmək üçün imkan yaradılmasını xahiş edib. Bildirib ki, onda müəyyən suallar yaranır və bunu vəkili ilə müzakirə etmək istəyir.

Məhkəmə bu vəsatəti də təmin edib. Hakim Zeynal Ağayev deyib ki, onsuz da hər iclasdan əvvəl onlara davamlı olaraq konfidensial görüş üçün imkan yaradılır və bundan sonra da digər hüquqları kimi, bu hüququ da təmin ediləcək.

Üçüncü vəsatətini təqdim edən Ruben Vardanyan bildirib ki, bundan əvvəl o və vəkili məhkəmə protokollarındakı qərarların çıxarışlarının onlara təqdim olunmasını xahiş ediblər. Hakim Zeynal Ağayev diqqətə çatdırıb ki, hansı iclasların protokollarının qərarlarının çıxarışları ilə tanış olmaq istəyirlərsə, buna dair məhkəməyə siyahı təqdim etsinlər. Həmin siyahıya uyğun olaraq sənədlər müdafiə tərəfinə çatdırılacaq. Ruben Vardanyan məhkəmənin keçirildiyi 6 ay müddətində verdiyi bütün vəsatətlərlə bağlı qərarların çıxarışları ilə tanış olmaq istədiklərini bildirib. Hakim həmin çıxarışların bir hissəsinin artıq onlara verildiyini, digərlərinin də təqdim olunacağını deyib.

Ruben Vardanyanın vəkili Avram Berman da təqsirləndirilənin vəsatətlərini müdafiə etdiyini söyləyib.

Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan olunub.

Məhkəmənin növbəti iclası iyulun 22-nə təyin edilib.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.