Azərbaycan və Ermənistan arasında sülh sazişi:

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

Azərbaycan ilə Ermənistan arasında "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişi"nin imzalanması bütün Cənubi Qafqazın təhlükəsizlik arxitekturasını dəyişdirən hadisədir. 17 maddədən ibarət sənəd yalnız otuzillik münaqişəyə son qoymaqla kifayətlənmir, həm də hər bəndi strateji çəkiyə malik olan yeni hüquqi çərçivə yaradır.

Saziş zahirən təmkinli diplomatik üslubda tərtib edilib, lakin onun dəqiq hüquqi formulları arxasında regiondakı güc balansını dəyişdirən fundamental məqamlar gizlənir. Mətn dörd əsas blok ətrafında qurulub:

1. Sərhədlərin tanınması və ərazi iddialarından imtina (I, II, VI maddələr)

2. Təhlükəsizlik və qarışmama prinsipi (III, IV, VII, VIII maddələr)

3. Humanitar və hüquqi məsələlər (IX, XII, XV maddələr)

4. Diplomatiyanın və ikitərəfli əlaqələrin gələcəyi (V, X, XI, XIII-XVII maddələr)

I maddə sənədin təməl daşıdır. Burada tərəflər bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərini tanıyır, SSRİ dövründəki ittifaq respublikaları arasındakı inzibati sərhədləri əsas götürürlər. Bu, Qarabağın statusu məsələsini formal olaraq tarixə çevirir.

Bununla belə, VI maddə siyasi manevr üçün meydan saxlayır: dövlət sərhədi delimitasiyaya məruz qalmalıdır. Bu, Azərbaycanın anklavlarının qaytarılması və mübahisəli hissələrin dəqiqləşdirilməsi üçün hüquqi imkan açır. Bakı üçün bu, tarixi ədalətsizliklərin aradan qaldırılması deməkdirsə, İrəvan üçün xətt üzərində daha bir hissəyə nəzarəti itirmək riski deməkdir.

II maddə mövcud və gələcək bütün iddialardan qarşılıqlı imtinanı, habelə onların hazırlanması və dəstəklənməsinə qadağanı təsbit edir. Beləliklə, hələlik kağız üzərində olsa da, Ermənistanda "Qarabağ revanşizmi" ideologiyasına son qoyur. Praktik müstəvidə isə Bakıya separatçılıq gündəmini dəstəkləyən qurumların, hətta Ermənistan hüdudlarından kənarda fəaliyyət göstərsələr belə, qarşısının alınmasını tələb etmək imkanı verir.

Doğrudur, İrəvan eyni mexanizmdən Qərbi Azərbaycandan olan azərbaycanlıların geri dönüş məsələsinə qarşı istifadə etməyə çalışa bilər. Amma soydaşlarımızın Qərbi Azərbaycana qayıdışn məsələibeynəlxalq hüquqda bu, sərhədlərin dəyişdirilməsi yox, qaçqınların humanitar repatriasiyası kimi qəbul olunduğundan, İrəvanın heç bir manevr imkanı qalmır.

III maddə (güclə hədələməkdən və ondan istifadədən imtina) və IV maddə (daxili işlərə qarışmamaq) sənədin əsas dayaqlarıdır. Ayrılıqda onlar rutin görünə bilər, amma VII maddə (üçüncü qüvvələr haqqında) ilə birlikdə bütöv bir təhlükəsizlik arxitekturası yaradır: xarici qüvvələr sərhəddən çıxır; tərəflər daxildən gərginlik yaratmamağı öhdələrinə götürür; hər hansı insident dərhal ikitərəfli gündəmin mövzusu olur, beynəlxalq şouya çevrilmir.

Bu, praktik olaraq hərbi və sərhəd idarəçiliyində məsuliyyət rejimini gücləndirir: təsadüfi atəş və ya mübahisəli sahədə mühəndis işləri artıq PR üçün yox, delimitasiyaçılar və birgə qrupların məsuliyyət zonasıdır.

V maddə siyasi düyünü açır: sülh sazişi imzalandıqdan sonra tərəflər diplomatik münasibətlər qururlar. Diplomatik protokol dilindən praktikaya çevriləndə bu, notaların mübadiləsi, səfirliklərin və konsulluqların açılması, missiyaların statusu barədə razılaşma, həmçinin siyasi məsləhətləşmələrdən iqtisadi komissiyalara qədər standart ikitərəfli mexanizmlərin işə düşməsi deməkdir.

Bakı üçün bu, mövcud reallığın institutlaşdırılmasıdır: Azərbaycanın ərazisi, nəzarəti, subyektliyi və modernləşmə gündəliyi var; indi bunlara qonşu dövlətin daxili və xarici siyasətinə qanuni diplomatik kanallar vasitəsilə təsir imkanı da əlavə olunur.

İrəvan üçün isə bu, riskləri minimuma endirən və praktiki faydalara (ticarət, kommunikasiya, sərhəd təhlükəsizliyi) çıxış verən körpüdür. Fəqət bu diplomatiya assimmetrik olacaq: Bakı üstün mövqedən prosesə daxil olur, İrəvan isə vaxt qazanmaq və itkiləri azaltmaq ümidilə hərəkət edir. Səfirliklərin açılması mütləq həssas məsələlərin həllini tələb edəcək: diplomatik nümayəndəliklərin mühafizəsi, marşrutlar, personalın təhlükəsizliyi, ictimai kommunikasiya.

Hər halda, münasibətlərin institutlaşdırılması mübahisəli mövzuları emosional-siyasi müstəvidən işgüzar-bürokratik müstəviyə keçirir. Və bu meydanda Azərbaycan bu gün daha güclüdür.

VI maddə gələcək mübahisələrin yarandığı, amma eyni zamanda gələcək həllərin də formalaşdığı yerdir. Sovet dövrü sərhədlərinin beynəlxalq sərhəd kimi tanınması - I maddənin əsası - konkret xəttin yerində müəyyənləşdirilməsi öhdəliyi ilə müşayiət olunur. Burada qəsdən saxlanılmış minimal qeyri-müəyyənlik var. O, Azərbaycanın anklavlarının qaytarılması, arxiv materialları və xəritələr əsasında xəttin korrektəsi, su obyektləri və yolların nəzərə alınması üçün imkan yaradır.
Sülh gündəminin sürətlənməsi üçün sadaladığımız problemlərin sürətli həlli üçün İrəvana "təkan" verilməlidir:

1. Anklavlar və kommunikasiya. Anklavların Azərbaycana qaytarılması üçün dəhliz logistikası, giriş-çıxış rejimləri, mühafizə məsələləri həll olunmalıdır.

2. Xəritə bazası. Müxtəlif xəritə dəstləri, fərqli "kəsim tarixi" (məsələn, 1920-1930-cu illər və ya daha sonrakı redaksiyalar) fərqli yozumlara zəmin yaradır.

3. Mübahisəli sahələrdə infrastruktur. Körpülər, elektrik xətləri, qaz kəmərləri: sahib kimdir, operator kimdir, hansı kompensasiyalar ödənilməlidir.

Bununla belə, VI + VII maddələrinin tandemi prosesi daha davamlı edir: delimitasiya gedən müddətdə sərhəddə xarici qüvvələr yoxdur, təhlükəsizlik tədbirləri isə ikitərəfli razılaşdırılır. Bu isə "üçüncü əl" riskini, təxribatları və informasiya manipulyasiyalarını ciddi şəkildə azaldır.

Ən həssas məqamlardan biri VII maddədir. Burada qarşılıqlı sərhəddə üçüncü ölkə qüvvələrinin yerləşdirilməsi qadağan olunur. Yəni, faktiki olaraq Avropa İttifaqı müşahidəçilərinin Azərbaycan tərəfindəki mövcud missiyasının çıxarılmasını tələb edir ki, bu da Bakının birbaşa diplomatik uğurudur.

Ermənistanın bu çıxarılmanı sərhədin delimitasiyasının tamamlanmasına bağlamaq cəhdi rədd edilib. İndi formul aydındır: bütün prosedurlar bitənədək heç bir "sərhəd himayədarı" olmayacaq. Azərbaycan üçün bu, xarici təzyiq alətinin aradan qalxması, Ermənistan üçün isə beynəlxalq iştirakı saxlayan mühüm mexanizmin itirilməsidir.

IX maddə Birinci Qarabağ müharibəsi illərində itkin düşmüş 4 min azərbaycanlının məsələsini ön plana çıxarır. Bu, təkcə meyitlərin tapılması və talelərin müəyyənləşdirilməsi yox, həm də hərbi cinayətlərin araşdırılması və təqsirkarların məsuliyyətə cəlb edilməsi perspektividir.

Hüquqi baxımdan bu, İrəvanın araşdırmalara mane olmamağı öhdəsinə götürməsi deməkdir, hətta əgər təqsirkar şəxslər Ermənistanın keçmiş siyasi və ya hərbi fiqurları olsalar belə. Bu isə Ermənistan üçün daxili siyasi risklərin artması deməkdir.

Separatizm və terrorizmlə mübarizəyə yönəlmiş VIII maddə təkcə bəyannamə deyil. II maddə (iddialardan imtina) ilə birlikdə bu bənd, "Qarabağ revanşizmi"ni dirildən hər hansı fəaliyyəti hüquqi zəhərlilik zonasına salan leqal filtrə çevrilir. Bakı üçün bu, təkcə xarici deyil, həm də daxili profilaktika vasitəsidir - mesaj budur ki, parçalanmanı dəstəkləyən bütün strukturlar beynəlxalq "çətir"dən məhrum olacaq.

İrəvan üçün bu maddə ağrılı, lakin praqmatikdir: o, siyasi qrupların "milli ləyaqət" şüarları ilə normallaşmanı sabotaj etmək yolunu kəsir. Ermənistanın bu müddəanı Qərbi Azərbaycandan olan azərbaycanlıların geri dönüş məsələsinə tətbiq etmək cəhdləri isə metodoloji cəhətdən əsassızdır: söhbət qaçqınların hüquqlarından və humanitar hüquqdan gedir, "ərazi gündəliyindən" yox. Burada isə Bakı mənəvi-hüquqi üstünlük qazanır.

IX maddə təxminən 4 min azərbaycanlının taleyinə fokuslanmaqla simvoldan konkretliyə keçidi ifadə edir. O, humanitar mövzunu xatirə-memorial müstəvisindən çıxararaq cinayət-hüquq məsuliyyəti müstəvisinə gətirir. Azərbaycan üçün bu, həqiqətin müəyyənləşdirilməsi və tərkib hissələri sübuta yetirilərsə - günahkarların cəzalandırılmasına yönəlmiş sistemli istintaq tədbirlərini həyata keçirmək imkanıdır.
Ermənistan üçün risk ondadır ki, bəzi fiqurantlar siyasi baxımdan həssas şəxslər ola bilər. Fəqət sənəd, əslində, İrəvanı əməkdaşlıq jestlərinə - arxivlərə çıxışdan tutmuş birgə axtarış qruplarında işləməyə qədər - sövq edir. İmtinanın siyasi qiyməti, əməkdaşlığın qiyməti ilə müqayisədə dəfələrlə artacaq.

X maddə nəqliyyat, energetika, ekoloji əməkdaşlıq, təhsil, ticarət-iqtisadi əlaqələr kimi sahələrdə sektor razılaşmaları paketinə qapı açır. Bu, hər sahənin öz kiçik normallaşma prosesinə çevrildiyi, illərlə işləyəcək praktiki yol xəritəsidir.

XI maddə vurğulayır: "Saziş tərəflərin üçüncü dövlətlərlə münasibətlərini məhdudlaşdırmır". Başqa sözlə, sərhəddə üçüncü qüvvələrin mövcudluğuna qadağa, xarici oyunçularla əməkdaşlıq qadağası demək deyil. Ermənistan Aİ və ABŞ ilə əlaqələr qura, Azərbaycan isə Türkiyə ilə strateji tərəfdaşlığı dərinləşdirə, Rusiya və İranla tarazlığı qoruya bilər. Yeganə "qırmızı xətt" - bu münasibətlər saziş öhdəliklərini və sərhəd təhlükəsizliyi balansını poza bilməz.

XII maddə ən güclü və hüquqi baxımdan ən təmiz müddəalardan biridir. O, ikitərəfli münasibətlərdə beynəlxalq hüququn və məhz bu sazişin üstünlüyünü təsbit edir, daxili qanunvericiliyə istinad edərək öhdəliklərin icra olunmamasını birbaşa istisna edir. Azərbaycan-Ermənistan normallaşması kontekstində bu, son onilliklər ərzində Ermənistanın əsas siyasi-hüquqi qalxanı olmuş konstitusiya və digər aktlarda saxlanılan ərazi iddialarına dəqiq zərbədir.

Bəli, bu bənd İrəvandakı sənədləri avtomatik yenidən yazmır. Lakin daxili hüquqi normaların saziş öhdəliklərinə ziddiyyətini hüquqi məsuliyyətə çevirir - etiraz notasından və hökumətlərarası iddialardan tutmuş beynəlxalq məhkəmə işinə qədər.

Sadə dillə desək: konstitusion pərdə artıq öhdəliklərin pəncərəsini örtə bilmir.

Azərbaycan üçün bu, Ermənistanın daxili hüquq bazasını əldə olunan razılaşmalara uyğunlaşdırmağa təzyiq kanalıdır; Ermənistan üçün isə siyasi yaddaşda - hüquqi mətnlərdə təsbit olunmuş - ağrılı, amma qaçılmaz düzəlişdir.

Texniki blok və icra mexanizmi XIII, XIV, XVI, XVII maddələrdə əksini tapıb. Sözügedən maddələr sənədin "mühərriki"dir. Onlar prosedurları müəyyənləşdirir: öhdəliklər necə icra olunur, hansı komissiyalar və formatlar yaradılır, müddəalar hansı dillərdə və hansı vaxt çərçivəsində qüvvəyə minir, tərəflər fikir ayrılıqlarını necə qeydə alır və idarəolunan gündəmə keçirir. Vacib məqam odur ki, icra mexanizmi ikitərəfli formatda nəzərdə tutulub - məcburi vasitəçilərsiz və kənardan "hakim" olmadan. Bu, məsuliyyət və suverenlik lehinə şüurlu seçimdir.

XV maddə tərəflərin bir-birinə qarşı məhkəmə iddialarından və şikayətlərdən imtinasını təsbit edir. Bunun təsiri çoxqatlıdır.

Birincisi, illərlə siyasətin davamı kimi istifadə olunan beynəlxalq məhkəmə və yarım-məhkəmə instansiyaları vasitəsilə eskalasiya xətti bağlanır.

İkincisi, mübahisəli məsələlərin məhkəməyə qədər həlli üçün stimullar yaranır - komissiyalar, ikitərəfli işçi qruplar, ekspert auditi. Üçüncüsü, hüquqi platformaların siyasiləşdirilməsi praktikasının qarşısı alınır, yəni müraciətlər daha çox hüququ qorumaq üçün deyil, auditoriyanı səfərbər etmək üçün istifadə edilən bir vasitə olmaqdan çıxır.
Azərbaycan burada xaricdən öz ərazi bütövlüyünü və beynəlxalq statusunu sual altına qoymaq cəhdlərini aradan qaldırır. Ermənistan isə siyasi resurslarını və vergi ödəyicilərinin pullarını əvvəlcədən uduzulmuş işlərə sərf etməyərək, onları daxili islahatlara yönəltmək imkanı qazanır.

Sazşin regional güc balansını dəyişməsinə gəldikdə isə, əsas məqamlara nəzər salaq:

1. Təhlükəsizlik. Sərhəddən xarici qüvvələrin çıxarılması və delimitasiya bitənə qədər qarşılıqlı razılaşdırılmış tədbirlər daimi gərginlik mənbəyini aradan qaldırır. Bakı sərhəddə məsuliyyətin aydın bölgüsünü əldə edir; İrəvan xarici "sığorta agenti"ni itirsə də, proqnozlaşdırıla bilən mühit qazanır.

2. Diplomatiya. Səfirliklər və müntəzəm məsləhətləşmələr institutlaşdırılmış çərçivə yaradır. Daha böyük iqtisadi və siyasi çəkisi olan Azərbaycan bu müstəvidə gündəmi layihə təklifləri, kredit xətləri, korporativ əlaqələrlə formalaşdıracaq.

3. Hüquq. Beynəlxalq öhdəliklərin Ermənistanın daxili aktları üzərindəki üstünlüyü Azərbaycanın xeyrinə mühüm dönüşdür. Bu, İrəvanı hüquqi sistemi yeni reallıqlara uyğunlaşdırmağa məcbur edir.

4. Humanitar ölçü. İtkinlərin axtarışı, cinayətlərin araşdırılması, qaçqınların geri dönüşü - bu sahədə Bakı fəal tərəf kimi görünür, Ermənistan isə vicdanlı davranış nümayiş etdirməyə məcbur olur.

Cənubi Qafqazda sülh gündəliyinin gələcək mərhələlərində yeni gərginlik ehtimalları istisna deyil və onların hər biri həm siyasi, həm də hüquqi baxımdan diqqətlə idarə olunmalıdır. Delimitasiya və anklavlar məsələsi texniki xarakter daşısa da, siyasi yükü olduqca ağırdır.

Burada "paket yanaşma" labüddür: xəritələrin qarşılıqlı mübadiləsi, təhlükəsizlik üzrə paralel tədbirlər, yol rejimlərinin müəyyənləşdirilməsi, torpaq kompensasiyaları və bəlkə də ekvivalent mübadilələr olmadan prosesin irəliləməsi çətin görünür. İctimai ritorika da xüsusi risk mənbəyidir.

Ermənistanda "revanş" mövzusunun dirildilməsi cəhdləri sazişin II və VIII maddələrinə ziddiyyət yaradacaq, Azərbaycanda isə işğal dövrü cinayətlərini bəraətləndirməyə yönəlmiş hər hansı ritorika eyni dərəcədə həssas reaksiya doğuracaq. Hərbi cinayətlər üzrə məhkəmə perspektivi isə ən kəskin mövzular sırasındadır. IX maddə çərçivəsində istintaqlar konkret epizodlara və adlara gətirib çıxararsa, İrəvana təzyiqin artacağı qaçılmazdır.

Optimal yol maksimum depolitizasiya olunmuş birgə istintaq qrupları və tam prosedur şəffaflığıdır. Ermənistanın hüquqi normalarının sinxronizasiyası məsələsi də mühüm sınaq olacaq.

Konstitusiya və digər normativ aktlara düzəlişlərin gecikməsi XII maddəni mütəmadi olaraq diplomatik notalar və demarşların mövzusuna çevirəcək. Bu mənzərədə Bakı və İrəvanın real maraqları sənədin formulyasiyalarında aydın görünür.

Azərbaycanın əsas maraqları status-kvonun hüquqi təsbiti, delimitasiya, iddialar mövzusunun qapadılması, sərhəddən xarici qüvvələrin çıxarılması ilə de-eskalasiya, itkinlər və hərbi cinayətlər üzrə humanitar ədalətin bərpası, eləcə də siyasi "mikropozucu" risklər olmadan iqtisadi layihələrin işə salınmasıdır. Ermənistanın isə prioritetləri xarici risklərin minimuma endirilməsi, beynəlxalq layihələrə və bazarlara çıxış əldə edilməsi, kommunikasiya xətlərinin bərpası, daxildə siyasi sabitliyin qorunması və ən ağrılı qərarların prosedur və zaman çərçivəsində mümkün qədər uzadılmasıdır.

Bu qarşılıqlı maraqların kəsişmə nöqtəsində sülh gündəliyinin gələcək istiqaməti müəyyənləşəcək.

Sazişin formulyasiyaları obyektiv olaraq Bakının maraqlarına daha yaxındır: onlar beynəlxalq hüquq kanonuna (ittifaq respublikalarının sərhədləri beynəlxalq sərhəd kimi) söykənir, həssas sahədə (sərhəd) xarici aktorların rolunu minimuma endirir, iddialar mövzusunu bağlayır və dialoqu Azərbaycanın daha üstün olduğu sahələrdə - hüquq, iqtisadiyyat və bürokratiya - institusionallaşdırır.

Saziş daha çox Azərbaycanın xeyrinədir. O, ölkənin əsas məqsədlərini təsbit edir: sərhədlərin və ərazi bütövlüyünün tanınması, iddialardan imtina, sərhəddən üçüncü qüvvələrin çıxarılması, beynəlxalq öhdəliklərin Ermənistanın daxili aktları üzərində hüquqi üstünlüyü, həmçinin itkinlər üzrə humanitar-hüquqi blok.

Azərbaycan üçün açılan imkan pəncərələri delimitasiyanı hüquqi cəhətdən əlverişli əsaslarda başa çatdırmaq, sektor razılaşmaları (X maddə) vasitəsilə regionun yeni iqtisadi konfiqurasiyasını qurmaq, həmçinin ədalət və yaddaş gündəliyini hüquqi formatda həyata keçirməkdir (IX maddə).

Ermənistan üçün sənəd - uzunmüddətli böhrandan idarə olunan normallaşma rejiminə keçid şansıdır. Yəni xarici "protezdən" asılı olmayan təhlükəsizlik proqnozlaşdırılması, diplomatiya və iqtisadiyyat kanallarının açılması, daxili siyasi dalğalanmanın azalması, habelə çətin mövzuların elə bir prosedur müstəvisinə keçirilməsi ki, burada sabotajın qiyməti əməkdaşlığın qiymətindən baha olsun.

Ermənistan rəhbərliyi daxili normaları saziş ilə sinxronlaşdırmaq, delimitasiyanı sürətlə və piarsız aparmaq, real birgə layihələrə start vermək məcburiyyətindədir. Beləcə, Cənubi Qafqaz əbədi "dondurulmuş münaqişə" zonasından idarə olunan rəqabət zonasına çevriləcək.

Burada isə üstünlüyü, böyük sözləri kiçik real işlərə daha tez çevirən tərəf qazanacaq.

Azərbaycan buna hazırdır. İndi söz İrəvanındır.