Milli Qurtuluş Gününə həsr olunan konsert keçirilib

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Dənizkənarı Milli Parkda bayram konserti keçirilib. 

Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının 33-cü ildönümünə həsr edilən konsert Saat qülləsinin qarşısında təşkil olunub. Paytaxt sakinləri və şəhərimizin qonaqlarının sevimli istirahət məkanlarından biri olan Dənizkənarı Milli Parkda tanınmış müğənni və yaradıcı kollektivlərin iştirakı ilə rəngarəng musiqi proqramı təqdim edilib. 

Konsertdə Xalq artistləri Aygün Bayramova, Bilal Əliyev, Faiq Əliyev, İlqar Muradov,Niyaməddin Musayev, Samir Cəfərov, Tünzalə Ağayeva, Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Xəyyam Mustafazadə, Lalə Məmmədova, Manana Caparidze, Ramil Qasımov, Sevda Ələkbərzadə, tanınmış və sevilən müğənnilər Amil Həsənoğlu, Dilarə Kazımova, İlkin Dövlətov, İradə İbrahimova, Kamilə Nəbiyeva, Mehin Hümbətova, Murad Arif, Nuri, Vəfa Vəzirova, Zamiq, həmçinin "Natiq ritm" qrupu səhnədə gözəl ifalarını təqdim ediblər. 

Bayram konserti atəşfəşanlıqla yekunlaşıb.