Özbəkistana etibarlı və perspektivli tərəfdaş kimi beynəlxalq maraq artır - Əli Əsədov
Bu gün Özbəkistan Prezidenti tərəfindən həyata keçirilən uzaqgörən siyasət nəticəsində qardaş ölkə sosial-iqtisadi inkişaf sahəsində təsirli nəticələr nümayiş etdirir.
Day.Az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Özbəkistanın paytaxtında keçirilən V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.
Baş nazirin sözlərinə görə, ardıcıllıqla həyata keçirilən islahatlar, iqtisadiyyatın modernləşdirilməsinə yönəlmiş genişmiqyaslı proqramlar və biznes mühitinin yaxşılaşdırılması əhalinin rifahının yüksəlməsinə, ölkənin rəqabət qabiliyyətinin artmasına və investisiya cəlbediciliyinin güclənməsinə xidmət edir:
"Bu müsbət dəyişikliklərin təbii nəticəsi olaraq Özbəkistana etibarlı və perspektivli tərəfdaş kimi beynəlxalq maraq getdikcə artır. Məhz buna görə də Daşkənd Beynəlxalq İnvestisiya Forumu hər il daha çox dövlət nümayəndəsini, işgüzar dairələri və beynəlxalq maliyyə institutlarını özünə cəlb edir".
Ə.Əsədov qeyd edib ki, Azərbaycan da öz növbəsində bu cür təşəbbüsləri beynəlxalq investisiya əməkdaşlığının gücləndirilməsi üçün mühüm vasitə hesab edir:
"Ötən il Azərbaycan Birinci Beynəlxalq İnvestisiya Forumunu keçirməklə investisiya dialoqu üçün öz beynəlxalq platformasını yaradıb. Forum investorlar, biznes nümayəndələri və beynəlxalq maliyyə institutları tərəfindən yüksək maraqla qarşılanıb. Bu uğurun məntiqi davamı olaraq cari ilin sentyabr ayında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək. Fürsətdən istifadə edərək bütün tərəfdaşlarımızı həmin forumda iştirak etməyə dəvət edirik".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре