Azərbaycan ilə BƏƏ arasında əməkdaşlıq imkanları müzakirə olundu

İyunun 18-də Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Anar Kərimovun "Birinci Abu-Dabi Bankı"nın nümayəndə heyəti ilə görüşündə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi və maliyyə əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri, investisiya resurslarının genişləndirilməsi, strateji infrastruktur layihələrinin maliyyələşdirilməsi, dayanıqlı inkişaf, yaşıl maliyyə, rəqəmsal transformasiya və kapital bazarları sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Bu barədə Maliyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Anar Kərimov iki ölkə arasında əlaqələrin son illərdə dinamik şəkildə inkişaf etdiyini vurğulayaraq, BƏƏ-nin Azərbaycanın Körfəz regionunda əsas strateji tərəfdaşlarından biri olduğunu bildirib. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verən maliyyə nazirinin birinci müavini Azərbaycanın güclü makroiqtisadi əsaslara, dayanıqlı fiskal çərçivəyə və dövlət borcunun səmərəli idarəetmə sisteminə malik olduğunu qeyd edib. O, iqtisadiyyatın şaxələndirilməsi, strateji infrastrukturun inkişafı, investisiya mühitinin yaxşılaşdırılması və özəl sektorun təşviqi istiqamətində ardıcıl islahatların həyata keçirildiyini diqqətə çatdırıb.

 

Eyni zamanda, A.Kərimov Azərbaycanın beynəlxalq maliyyə institutları ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirərək, bu əməkdaşlığın yalnız maliyyə resurslarının cəlb edilməsi ilə məhdudlaşmadığını, həm də qabaqcıl beynəlxalq təcrübənin və innovativ maliyyə həllərinin ölkəyə inteqrasiyasına xidmət etdiyini vurğulayıb.

Öz növbəsində, Bankın İdarəedici direktoru Fawaz Abusneineh Azərbaycanla əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, ölkədə aparılan iqtisadi islahatların, əlverişli investisiya mühitinin və regional iqtisadi əlaqələrin genişlənməsinin yeni əməkdaşlıq imkanları yaratdığını bildirib. O, strateji infrastruktur, dayanıqlı maliyyə, kapital bazarları və innovativ maliyyə həlləri istiqamətlərində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Görüş zamanı, həmçinin nəqliyyat və logistika infrastrukturunun inkişafı, beynəlxalq maliyyə və investisiya axınlarının təşviqi, eləcə də Azərbaycan ilə Körfəz regionu arasında maliyyə əməkdaşlığının daha da genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.