AIIB Azərbaycanda liman, aviasiya və daşımalar üzrə yeni layihələri dəstəkləməyi nəzərdən keçirir

Azərbaycan regionda Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) fəaliyyət göstərdiyi ən mühüm ölkələrdən biridir və bank ölkənin əsas dövlət qurumları ilə sıx əməkdaşlıq edir.

Day.Az xəbər verir ki, bunu Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) baş direktoru Xiaohonq Yanq Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində Trend-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, AIIB Azərbaycanda nəqliyyat və infrastruktur sahələrində bir sıra mühüm layihələrin həyata keçirilməsində iştirak edir.

"Biz İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və digər mühüm dövlət qurumları ilə sıx əməkdaşlıq edirik. Nəqliyyat sektorunda geniş fəaliyyət göstəririk. Bakı Metropoliteni, Azərbaycan Dəmir Yolları (ADY) ilə həyata keçirilən layihələr üzərində işləyirik. Hazırda fəaliyyətimizi dəniz daşımaları, aviasiya və liman infrastrukturu sahələrində də genişləndiririk", - deyə o bildirib.

Xiaohonq Yanq qeyd edib ki, AIIB üçün əsas prioritetlər infrastrukturun inkişafı, xüsusilə texnologiyalara əsaslanan infrastruktur layihələri, özəl sektor investisiyalarının səfərbər olunması, sərhədlərarası bağlantıların gücləndirilməsi və yaşıl infrastrukturdur.

"Biz Xəzər dənizi Yaşıl Enerji Dəhlizi təşəbbüsünə investisiya yatırırıq və gələcəkdə regional əməkdaşlığın daha da gücləndirilməsinə töhfə verməyi hədəfləyirik. Həm Azərbaycanın daxilində, həm də Azərbaycanla qonşu ölkələr arasında əlaqəliliyin inkişafını dəstəkləməyə çalışırıq", - deyə baş direktor vurğulayıb.

O bildirib ki, Azərbaycanın strateji coğrafi mövqeyi ölkəyə regionda mühüm rol oynamaq imkanı verir.

"Biz Azərbaycanı strateji baxımdan son dərəcə əhəmiyyətli ölkə hesab edirik. Qarşıdakı illərdə ölkə Orta Dəhliz çərçivəsində regional əməkdaşlıq və inteqrasiyanın inkişafında çox böyük rol oynaya bilər", - deyə Xiaohonq Yanq əlavə edib.