Dövlət Proqramında aqrar sahə üzrə əsas istiqamətlər müəyyən edilib - İlhamə Qədimova
"2026-2030-cu illər üzrə kənd təsərrüfatının, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı ilə bağlı Dövlət Proqramı"da bir neçə fundamental istiqamət xüsusi olaraq müəyyən edilib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Şəmkirdə "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın müzakirəsi ilə bağlı Qazax-Tovuz iqtisadi rayonu üzrə regional müşavirədə deyib.
Nazir müavininin sözlərinə görə, əsas istiqamətlərə intensiv bağ sahələrinin artırılması, buğda məhsuldarlığının yüksəldilməsi, müasir suvarma sahələrinin genişləndirilməsi, aqropark və istixana fəaliyyətinin genişləndirilməsi, kiçik şərabçılıq təsərrüfatlarının formalaşdırılması və intensiv heyvandarlıq təsərrüfatlarının artırılması daxildir.
"Bununla yanaşı, proqram yalnız istehsal istiqamətlərini deyil, həm də dəstəkləyici tədbirləri əhatə edir. Qanunvericilik təşəbbüsləri, institusional islahatlar və rəqəmsallaşma bu proqramın mühüm dayaqlarıdır. "Aqrar sahə haqqında", "Toxumçuluq haqqında", "Balıqçılıq haqqında" qanunvericiliyin təkmilləşdirilməsi, subsidiya qaydalarına və kənd təsərrüfatı texnikalarına güzəştlərin tətbiqi ilə bağlı mexanizmlərə dəyişikliklər edilməsi nəzərdə tutulur.
Eyni zamanda aqrar süni intellekt sisteminin genişləndirilməsi, EKTİS-in data yönümlü alt sistemlərinin inkişafı sahənin daha çevik və məlumat əsaslı idarə olunmasına xidmət edəcək.
Bu gün artıq aqrar siyasət yalnız sahədə görülən işlərlə məhdudlaşmır. Bizim qərarlarımız məlumatlara, xəritələrə, elektron sistemlərə, peyk müşahidələrinə, torpaq və su balansına, real məhsuldarlıq göstəricilərinə əsaslanmalıdır. Ona görə də rəqəmsallaşma fermer üçün də, dövlət üçün də vacib alətə çevrilir".
İlhamə Qədimova qeyd edib ki, Proqramın ən mühüm istiqamətlərindən biri buğda istehsalının artırılması və məhsuldarlığın yüksəldilməsidir.
"Buğda istehsalı üzrə 22 rayon hədəf rayon kimi müəyyən edilib. Bu rayonlar ölkədə istehsal olunan taxılın böyük bir hissəsini təmin edir və burada suvarılan sahələr, müasir suvarma potensialı, aqropark infrastrukturu və lazer hamarlama imkanları daha yüksəkdir. Şəmkir və Tovuz rayonları bu 22 rayonun siyahısına daxildir.
Hədəf rayonlarda orta məhsuldarlığın 50 sentnerə, dəmyə rayonlarında hansı ki buna Ağstafa, Gədəbəy də daxildir - 30 sentnerə çatdırılması nəzərdə tutulur. Perspektiv rayonlarda isə hansı ki buna Qazax rayonu da daxildir 2029-cu ildən sonra məhsuldarlıq hədəfi 50 sentner kimi müəyyən edilir", - deyə o bildirib.
Nazir müavini hədəflərə çatmaq üçün müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, texnika təminatının yaxşılaşdırılması, lazer hamarlama texnologiyasının tətbiqi, buğda istehsalına dövlət dəstəyinin artırılması və aqrotexniki qulluq işlərinə nəzarətin gücləndirilməsinin nəzərdə tutulduğunu bildirib.
"Birincisi, müasir suvarma sistemlərinin tətbiqi genişləndiriləcək. İkincisi, texnika təminatı yaxşılaşdırılacaq. Üçüncüsü, lazer hamarlama texnologiyasının tətbiqi genişləndiriləcək. Dördüncüsü, buğda istehsalının inkişafına dövlət dəstəyi artırılacaq. Beşincisi, aqrotexniki qulluq işlərinə nəzarət gücləndiriləcək və zəruri meliorativ tədbirlər həyata keçiriləcək. Burada xüsusi qeyd edilməli olan dəstək mexanizmlərindən biri kredit faizlərinin subsidiyalaşdırılmasıdır. Birillik əkinlərin istehsalı üçün banklar tərəfindən fermerlərə verilən kreditlərin illik faiz dərəcəsinin 19 faizi keçməyən hissəsinin dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulur. Bu, fermerlərin maliyyə yükünü azaltmaq və əkin dövriyyəsinə daha rahat vəsait cəlb etmək baxımından mühüm dəstəkdir", - deyə o qeyd edib.
O qeyd edib ki, digər mühüm dəstək lazer hamarlama ilə bağlıdır. "Lazer hamarlama tətbiq edən fermerlərin istehsal etdiyi məhsulu dəyirmanlara təhvil verdiyi hər tona görə həm fermerə, həm də dəyirmana əlavə məhsul subsidiyasının tətbiqi nəzərdə tutulur. Bu mexanizm həm fermeri texnologiyadan istifadəyə təşviq edir, həm də emal müəssisələri ilə istehsalçı arasında əlaqəni gücləndirir". İ.Qədimova qeyd edib.
Nazir müavini bildirib ki, buğda istehsalında məhsuldarlığın artırılması üçün yalnız subsidiya kifayət deyil. Toxum düzgün seçilməli, torpaq analizi aparılmalı, səpin optimal müddətdə həyata keçirilməli, gübrələmə norması torpağın real tərkibinə uyğun müəyyən edilməli, suvarma vaxtında aparılmalı, xəstəlik və zərərvericilərə qarşı mübarizə gecikdirilməməlidir.
Onun sözlərinə görə, növbəti əsas istiqamət müasir suvarma sistemlərinin genişləndirilməsidir. "Su resurslarından səmərəli istifadə bu gün kənd təsərrüfatında ən aktual məsələlərdən biridir. İqlim dəyişmələri, yağıntıların azalması, suya tələbatın artması daha qənaətli və daha səmərəli suvarma texnologiyalarına keçidi zəruri edir".- o deyib.
İ.Qədimova qeyd edib ki, Dövlət Proqramında müasir suvarmanın tətbiqinin genişləndirilməsi, sudan faydalı istifadənin artırılması və məhsuldarlığın yüksəldilməsi əsas hədəflər kimi müəyyən edilib. Bu istiqamətdə pivot, damlama və sprinkler suvarma sistemlərinin tətbiqi genişləndiriləcək.
O bildirib ki, hazırda müasir suvarma sistemləri quraşdırılmış sahələr 130 min hektardır. "2030-cu ilə qədər bu göstəricinin 300 min hektara çatdırılması proqnozlaşdırılır. Bunun 88,1 min hektarı 22 hədəf rayonda, 12 min hektarı isə 8 perspektiv rayonda nəzərdə tutulur". - o deyib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре