Kişineuda Müslüm Maqomayevə həsr olunmuş musiqi axşamı

Moldova paytaxtındakı Mariya Bieşu adına Milli Opera və Balet Teatrında dünyanın musiqi əfsanəsi Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş "Sevgi və dəniz" adlı musiqi axşamı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Moldova Azərbaycanlıları Konqresinin himayəsi altında keçirilib və 1000-dən çox tamaşaçını, o cümlədən dövlət qurumlarının, diplomatik korpusun, mədəni ictimaiyyətin və Moldova diasporunun nümayəndələrini cəlb edib.

Musiqi axşamını açan Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov Müslüm Maqomayevin xalqımız və iki ölkə arasındakı mədəni əlaqələr üçün xüsusi əhəmiyyətini vurğulayıb.

O qeyd edib: "Müslüm Maqomayevin adı uzun müddətdir yüksək mədəniyyətin, qüsursuz bədii zövqün və sənətə həqiqi sədaqətin rəmzi olub. Onun özünəməxsus səsi, səhnədəki varlığı və müxtəlif nəsillərin nümayəndələrinin qəlbinə eyni dərəcədə dərindən nüfuz etmək bacarığı onu təkcə Azərbaycan deyil, həm də dünya musiqi mədəniyyəti üçün xəzinəyə çevirib. Onilliklər keçsə də, onun əsərləri insanları birləşdirməyə davam edir, dövrlər, ölkələr və mədəniyyətlər arasında canlı körpü olaraq qalır".

Musiqi axşamında Moldova opera məktəbinin nümayəndələri Aleksey Botnarçuk (bas) və Gülnarə Raylyanu (soprano) maestronun repertuarından əsərlər ifa ediblər.

"Sevgi və dəniz" musiqi axşamı böyük sənətkara ehtiram əlaməti olaraq Azərbaycanla Moldova arasında qarşılıqlı hörmət, dostluq və milli mədəniyyətin ən yaxşı nümunələrini qorumaq və təbliğ etmək üçün ortaq istək üzərində qurulmuş güclü mədəni əlaqələrin daha bir təzahürü olub.