Qəza baş versə belə bu hallarda Forma 4 arayışı

Forma 4 arayışı yol-nəqliyyat hadisəsinin təfərrüatlarını rəsmən təsdiq edən sənəddir.

Azərbaycan Respublikasının "İcbari sığortalar haqqında" Qanununun 17-ci maddəsinə əsasən, sığorta ödənişinin verilməsi üçün Daxili İşlər Nazirliyi (Dövlət Yol Polisi) tərəfindən bu arayışın təqdim olunması tələb edilir. Sənəddə qəzanın baş vermə vaxtı, yeri, hadisədə təqsirli və zərərçəkən tərəflər, həmçinin əmlaka dəymiş zərərin xüsusiyyətləri dəqiq qeyd olunur. Bu arayış sığorta şirkətləri üçün hadisənin real olduğunu sübut edən və sığorta dələduzluğunun qarşısını alan əsas hüquqi mexanizmdir. 

Bununla belə, hər bir kiçik qəza zamanı yol polisindən bu sənədi almağa ehtiyac qalmır. Eyni qanunun 58.2-ci maddəsinə əsasən, müəyyən sadələşdirilmiş şərtlər daxilində "Forma 4" arayışı tələb olunmur. Sürücülərin vaxt itkisinin qarşısını alan bu istisna hal, qanunvericilikdə birbaşa olaraq sığorta hadisəsinin birgə bildirişlə (maddi zərər protokolu ilə) rəsmiləşdirilməsi imkanı kimi tanınır. 

Qanunun 58-ci maddəsində qeyd edilən həmin istisna hallar aşağıdakı 4 şərtin hamısı eyni anda mövcud olduqda qüvvəyə minir: 

  • Hadisə ikidən artıq olmayan (maksimum 2) nəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə
  • Qəza nəticəsində insanların sağlamlığına heç bir zərər (bədən xəsarəti və ya ölüm) dəymədikdə
  • Hadisənin baş verməsində kimin təqsirli olduğu barədə tərəflər arasında hər hansı mübahisə olmadıqda
  • Dəymiş maddi zərərin həcminin 1000 manatdan çox olmaması hadisə iştirakçıları və sığortaçı tərəfindən ağlabatan şəkildə ehtimal edildikdə

Nəsimi Ələsgərli