Avtonom sürüşə yalnız bu ərazilərdə İCAZƏ VERİLƏCƏK - Ekspert
Avtomobillər müasirləşdikcə gündəlik sürüşü rahatlaşdıran müxtəlif funskiyalar insanlara təqdim olunur. Bunlardan biri də avtomobilin özü-özünü idarə edə bilməsidir. Maraqlısı isə qanunvericilikdə məsələnin özünü nə qədər tapmasıdır.
Day.Az-a açıqlamasında nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, hazırda bu məsələ ilə bağlı Milli Məclisdə ilkin addım atılıb və avtonom nəqliyyat anlayışının qanunvericiliyə daxil edilməsi birinci oxunuşdan keçib.
O, qeyd edib ki, əsas məqsəd bu sahəyə hüquqi çərçivə yaratmaqdır.
"Daha sonra bu istiqamətdə praktiki iş Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə olunur. Nazirlik avtonom nəqliyyat sistemlərinin texniki və idarəetmə alt sistemlərini hazırlamalıdır. Dünyada bu sahədə təcrübə var, amma bizdə əsas prioritet təhlükəsizlikdir.
Ən vacib suallardan biri məsuliyyət məsələsidir: avtonom avtomobildə qəza və ya texniki problem baş verərsə, buna kim cavabdeh olacaq? Şirkət, operator, yoxsa başqa bir tərəf? Çünki bu sistemdə ənənəvi mənada sürücü yoxdur və qərarları əsasən texnologiya (sensorlar və proqram təminatı) verir", - ekspert deyib.
R.Raufoğlu vurğulayıb ki, gələcəkdə bu sistemlər mərhələli şəkildə tətbiq olunacaq:
"Bəzi hallarda sürücü qismən idarəetmədə olacaq, bəzi hallarda isə tam sürücüsüz rejim tətbiq ediləcək. Lakin bu texnologiya dərhal bütün ərazilərdə işləməyəcək - əvvəlcə xüsusi seçilmiş və infrastruktur baxımından uyğunlaşdırılmış zonalarda istifadəyə veriləcək", - o yekunlaşdırıb.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре