Motosiklet sürücüsü "TikTok" videosu üçün yolda təhlükə saçdı

Sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə səbəb olub. Kadrlarda motosiklet sürücüsünün TikTok üçün video çəkərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu əks olunub.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, görüntülərə əsasən, sürücü daha çox baxış toplamaq məqsədilə motosikleti əks hərəkət zolağına sürərək irəliləyib. Onun bu təhlükəli manevri yolda qəza şəraiti yaradıb və digər hərəkət iştirakçılarını çətin vəziyyətə salıb.

Paylaşılan video qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb. İzləyicilərin əksəriyyəti sürücünün davranışını məsuliyyətsiz adlandıraraq bunun həm özünün, həm də digər sürücülərin və piyadaların həyatını ciddi təhlükə altına atdığını bildiriblər.

Bir çox istifadəçi sosial media naminə belə riskli addımların yolverilməz olduğunu vurğulayaraq, yol hərəkəti qaydalarına əməl edilməsinin vacibliyini qeyd edib.

Xatırladaq ki, sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Bakı şəhər DYPİ-dən bildirilib ki, keçirilən tədbirlərlə nəqliyyat vasitəsini idarə edən 2008-ci il təvəllüdlü Amin Məmmədov müəyyən edilərək saxlanılıb.

Onun barəsində hüququ məsuliyyət tədbirləri görülür.