Bilgəhdə yeni xilasetmə məntəqəsi açıldı - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Bakı şəhəri, Sabunçu rayonunun Bilgəh qəsəbəsində yeni tikilmiş "Bilgəh" sularda xilasetmə məntəqəsinin açılışı və Xidmət üçün yeni alınmış texnikaların təqdimatı mərasimi keçirilib.
Day.Az xəbər verir ki, FHN-in Mətbuat xidmətinin yaydığı məlumata görə, iyulun 3-də keçirilən mərasimdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov iştirak edib.
"Yeni tikilmiş modul tipli sularda xilasetmə məntəqəsi bütün zəruri vasitələrlə təmin olunub və burada dalğıc-xilasedicilərin fəaliyyəti üçün lazımi şərait yaradılıb.
Dalğıc-xilasedicilərin gündəlik fəaliyyətinin daha səmərəli təşkili məqsədilə hazırda 8-i Bakı şəhəri və Abşeron rayonunda, 12-si isə digər bölgələrdə olmaqla, ümumilikdə 20 modul tipli sularda xilasetmə məntəqəsinin tikintisi aparılır.
Məlumata görə, yeni alınmış texnikalara 10 ədəd 4 metrlik altı plastik rezin qayıq, 10 ədəd "Yamaha" markalı hidrosikl və onlar üçün 10 ədəd "Mercury 25" markalı asma mühərrik daxildir. Bildirilib ki, çevikliyi, istismar baxımından sadəliyi və texniki xidmət rahatlığı ilə seçilən bu texnikalar vətəndaşların sularda təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcək",-deyə nazirliyin Mətbuat xidmətindən bildirilib.
FHN-nin Mətbuat xidmətindən qeyd edilib ki, mərasimdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə diqqət və qayğısı nəticəsində Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazası daim yeniləndiyini, xilasetmə, yanğınsöndürmə və digər təyinatlı ən müasir texnika və avadanlıqlar ölkəyə gətirilərək uğurla tətbiq olunduğunu, həmçinin şəxsi heyətin gündəlik fəaliyyəti üçün hərtərəfli şərait yaradıldığını bildirib.
"Nazir insanların sularda təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsinin FHN-in əsas fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayıb və bu sahədə işin daha səmərəli təşkili məqsədilə müvafiq tapşırıqlar verib", - deyə FHN-in Mətbuat xidmətindən əlavə edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре