Xüsusi hazırlıq keçmiş sürücülər üçün test imtahanı keçirilib - DİM
Dövlət İmtahan Mərkəzi taksi minik avtomobili sürücüləri, həmçinin ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün avqustun 6-da imtahan keçirib.
Day.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin yaydığı (DİM) məlumatda qeyd edilib.
Bildirilib ki, imtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı ş.,Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və Naxçıvan şəhəri 4 saylı orta məktəbdə keçirilib:
"İmtahan saat 11:00 və 15:00 olmaqla iki növbədə təşkil olunub və 1 saat davam edib. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytına yerləşdiriləcək".
Qeyd edilib ki, imtahanda iştirak etmək üçün ümumilikdə 1840 namizəd qeydiyyatdan keçib. Onlardan 1735 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1317 namizəd (taksi - 1122, ÖSD - 47, ÖYD - 148) tələb olunan şərtləri ödəyərək uğur qazanıb:
"İmtahanda taksi minik avtomobillərinin sürücüləri üçün avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 15, sürücülərin etik davranışına dair 5 olmaqla, ümumilikdə 20 tapşırıq, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımaları yerinə yetirən sürücülər üçün isə peşə fəaliyyəti və davranış qaydaları, iş və istirahət rejiminin xüsusiyyətləri, avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 tapşırıq təqdim olunub.
Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim edilir".
"İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 7 və 10 avqust tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299", - deyə məlumatda qeyd edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре