İslam Mahaçev UFC tarixinin ən uzun qələbə seriyasını rəsmiləşdirib - VİDEO
Rusiyalı İslam Mahaçev UFC tarixində ən uzunmüddətli qələbə seriyasının yeni rekordçusu olub. O, irlandiyalı İan Maçado Qerrini məğlub etməklə ardıcıl 17-ci qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, Mahaçev Filadelfiyada keçirilən UFC 330 turnirinin əsas döyüşündə Qerriyə yekdil hakim qərarı ilə qalib gəlib.
Bu nəticə ilə Mahaçev braziliyalı Anderson Silvanın 16 döyüşlük qələbə seriyasını geridə qoyaraq UFC tarixində bu göstərici üzrə mütləq rekord müəyyənləşdirib.
Mahaçevin UFC-də keçirdiyi 19 döyüşdə 18 qələbəsi var. Onun yeganə məğlubiyyəti 2015-ci ilin oktyabrında braziliyalı Adrian Martinsə qarşı döyüşdə qeydə alınıb.
Rusiyalı döyüşçü həm yüngül, həm də yarımorta çəki dərəcələrində UFC çempionu olub və təşkilat tarixində iki müxtəlif çəki dərəcəsində titul qazanan ilk rusiyalı döyüşçüdür.
Anderson Silva 2006-cı ildən UFC-də çıxış edib. O, orta çəki üzrə çempion titulunu qazandıqdan sonra kəməri 10 dəfə uğurla qoruyub. Silva UFC-də ümumilikdə 16 ardıcıl qələbə qazanaraq uzun müddət rekordçu olub. Onun qələbə seriyası 2013-cü ildə Kris Vaydmana nokautla məğlub olması ilə başa çatıb.
Qeyd edək ki, Silva UFC-də 17 qələbə və 7 məğlubiyyət əldə edib. 2015-ci ildə Nik Diaza qarşı döyüşü isə braziliyalının dopinq testindən keçə bilməməsi səbəbindən sonradan baş tutmamış döyüş kimi qeydə alınıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре