Əziz Əliyevin 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda qeyd olunur ki, Əziz Əliyev yüksək amallara və humanist ideallara sadiq, xalqa xidmətin parlaq nümunəsini yaratmış nadir şəxsiyyətlərdəndir. O, müxtəlif məsul vəzifələrdə çalışaraq dövlət quruculuğu və idarəçiliyin təkmilləşdirilməsi istiqamətində səmərəli fəaliyyət göstərib.
Əziz Əliyevin Azərbaycanda səhiyyə sisteminin yeni əsaslar üzərində qurulmasında, tibb təhsilinin inkişafında və milli tibb kadrlarının hazırlanmasında müstəsna rolu olub. O, İkinci Dünya müharibəsi illərində hərbi-siyasi əhəmiyyət daşıyan bir sıra mühüm işlərə rəhbərlik edib. Azərbaycan və Dağıstan arasında münasibətlərin möhkəmləndirilməsinə verdiyi töhfələr də onun fəaliyyətinin mühüm istiqamətlərindən olub.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə Elm və Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyi ilə birlikdə Əziz Əliyevin 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, Əziz Əliyevin 130 illiyi 2027-ci ilin yanvarında tamam olur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре