Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - VİDEO
Sentyabrın 19-20-də Şamaxıda keçiriləcək Üzüm və Şərab Festivalı ziyarətçiləri Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri ilə yaxından tanış etməklə yanaşı, həm də maraqlı əyləncə proqramı vəd edir.
Day.Az xəbər verir ki, Meysəri kəndindəki "Şirvan şərabları" MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində təşkil olunacaq festival sentyabrın 19-da qonaqları "Şirvan" folklor xalq kollektivinin ifası ilə qarşılayacaq.
Şərab istehsalçılarının təntənəli paradı isə baraban şousunun müşayiəti ilə baş tutacaq.
Ziyarətçilər sevilən muğənnilər Roza Zərgərli, Kazım Can, Joseph U.O, Teymur Süleymanbəyli və qrupunun konsertlərini, eləcə də DJ Kamo və digərlərinin çıxışlarını izləyə biləcəklər.
Festivalın əyləncə proqramına müxtəlif müsabiqə və viktorinalar da daxildir.
Festivalda uşaq əyləncə zonası da olacaq və burada balacaları interaktiv proqram, animatorlar və digər əyləncələr gözləyir.
İki günlük festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərabçılıq tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır.
Festivalın proqramı ilə ətraflı instagram səhifəsindən tanış olmaq olar.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре